“Qızılgül inqilabı”nın 19-cu ildönümü ilə əlaqədar parlament yaxınlığında aksiya keçirilib
“Qızılgül inqilabı”nın 19-cu ildönümü ilə əlaqədar parlament binası yaxınlığında Mixeil Saakaşviliyə dəstək aksiyası keçirilib. Aksiyaya toplaşanlar Saakaşvilinin müalicə üçün xaricə aparılmasını tələb ediblər.
“Milli Hərəkat”ın liderləri aksiyada görünməyiblər. Aksiyada “Milli Hərəkatın” bir neçə nümayəndəsi, o cümlədən partiya sədrliyinə namizəd Qiorqi Mumladze, eləcə də bir neçə müxalifət partiyasının nümayəndəsi iştirak edib. “Milli Hərəkat”ın üzvlərinin bir hissəsi sözügedən tədbirin onlar tərəfindən planlaşdırılmadığını və bu formatın onlara naməlum olduğunu bildirir.
Aksiyada iştirak edən “Milli Hərəkat” partiyasının sədrliyinə namizəd Qiorqi Mumladze Mixeil Saakaşvilinin azadlığa buraxılmasının gürcü xalqının şəxsi və milli ləyaqət məsələsi olduğunu bildirib. Q. Mumladzenin aksiya zamanı jurnalistlərlə söhbəti zamanı qeyd etdiyi kimi, o, “Qızılgül inqilabı”nın ideyaları ilə tam razılaşır və hesab edir ki, eyni fikirdə olan bütün insanlar aksiyada olmalıdırlar.
“Merabın və Zviadinin başlatdığı iş Mixeil Saakaşvili və komandası tərəfindən davam etdirildi. Mixeil Saakaşvili bu gün həbsdədir, Putinin şəxsi əsarətindədir və onun azadlığa buraxılması millətimizin şəxsi və milli ləyaqət məsələsidir. “Qızılgül inqilabı”nın ideyalarını və ruhunu tam bölüşürəm, başlanan iş davam etməli və sona qədər aparılmalıdır. Hesab edirəm ki, bu fikirləri paylaşan insanların hamısı burada olmalıdır” – deyə Q.Mumladze bildirib.
Bununla yanaşı, “Milli Hərəkat”ın üzvü İrakli Nadiradze Mixeil Saakaşvilinin azadlığı buraxılması və xaricə aparılması ilə bağlı bütün aksiyalara tam qoşulduğunu bildirib.
“Sadə vətəndaş, Mixeil Saakaşvilinin tərəfdarı kimi bura gəlmişəm. Biz adi tərəfdarlar və ya namizədlər olaraq Mixeil Saakaşvilinin azadlığı və onun transferi ilə bağlı bütün aksiyalara qoşuluruq”-deyə İrakli Nadiradze açıqlayıb .
Aksiyanın təşkilatçıları növbəti aksiyanın bazar günü, noyabrın 27-də keçiriləcəyini elan ediblər.