Qiorqi Antsuxelidze adına Çavuşlar Akademiyasında “Ordu düşərgəsi” başa çatıb
Yay “Ordu düşərgəsi” başa çatıb. Kocoridə Qiorqi Antsuxelidze adına Çavuşlar Akademiyasının meydanına toplaşan uşaqları müdafiə və təhsil və elm nazirlərinin müavinləri Qriqol Qiorqadze və Tamar Maxaraşvili salamlayıblar.
Müdafiə Nazirliyindən verilən məlumata görə, gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi, Gürcüstanın tarixi və gürcü qəhrəmanları haqqında məlumatlılığın artırılmasının vacibliyinə diqqət yetirilib.
MN-dən verilmiş məlumata əsasən, yay düşərgəsinin qapanış mərasimində Qriqol Qiorqadze həmkarına düşərgədə bütün rotasiyalar zamanı ucaldılmış Gürcüstanın dövlət və “Ordu düşərgəsi”nin bayraqlarının yerləşdirildiyi xatirə lövhəsini verib. Uşaqlar isə sertifikatlar, jeton və hədiyyə paketləri alıblar. Milli qəhrəmanları, gürcü ordusunun dəyərlərini və “Ordu düşərgəsində” alınan emosiyaları əks etdirən uşaqlar tərəfindən yaradılmış əsərlər də səhnədə nümayiş etdirilib.
“Ordu düşərgəsi” iyunun 25-dən başlayıb. Səkkiz rotasiya çərçivəsində düşərgədə Gürcüstanın müxtəlif regionlarından və Tbilisi məktəblərindən 800-ə yaxın uşaq qəbul edilib. Layihə gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsinə, sağlam həyat tərzinin təbliğinə və Gürcüstan ordusu haqqında məlumatlılığın artırılmasına xidmət edir.
“Ordu düşərgəsi” Müdafiə Nazirliyinin Strateji Rabitə və İctimaiyyətlə Əlaqələr İdarəsinin təşəbbüsü ilə həyata keçirilən layihədir və bu il ilk dəfə olaraq Müdafiə Nazirliyi tərəfindən Təhsil və Elm Nazirliyi ilə birgə həyata keçirilib. Onun həyata keçirilməsi Təlim və Hərbi Təhsil Komandanlığı tərəfindən təmin edilib.