Qiorqi Amilaxvari Yerevan Dövlət Universitetində Gürcüşünaslıq Mərkəzinin açılışını edib
Qiorqi Amilaxvari Yerevan Dövlət Universitetində Gürcüşünaslıq Mərkəzinin açılışını edib

 
Ermənistanda işgüzar səfərdə olan Gürcüstanın təhsil, elm və gənclik naziri Qiorqi Amilaxvari Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Jana Anderasyanla birgə Yerevan Dövlət Universitetində Gürcüşünaslıq Mərkəzinin təntənəli açılış mərasimində iştirak edib.

Qiorqi Amilaxvari iştirakçılar qarşısında çıxış edərək iki ölkənin tarixi dostluğunun dərinləşdirilməsi baxımından mərkəzin açılmasının vacibliyini vurğulayıb. Nazir çıxışı zamanı erməni həmkarı Jana Anderasyana, Yerevan Dövlət Universitetinin rektoru Hovanes Hovanesyana, Gürcüstan və Ermənistan səfirlərinə Gürcüşünaslıq Mərkəzinin açılması layihəsinin həyata keçirilməsinə mühüm töhfələrinə görə təşəkkür edib.

Qiorqi Amilaxvari, Gürcüstanın strateji tərəfdaş ölkələrin ali təhsil müəssisələrində gürcüşünaslıq istiqamətində təhsil və tədqiqat fəaliyyətlərini və akademik biliklərin yayılmasını dəstəklədiyini bildirib. Nazir qeyd edib ki, Gürcüstan və Ermənistanın ümumi tarixi keçmişini nəzərə alaraq, gürcüşünaslıq və ermənişünaslıq elmi dairələri ilə birgə işləmək və bu istiqamətdə ölkələr arasında əməkdaşlığı dərinləşdirmək vacibdir.

Açılış tədbirinin sonunda Qiorqi Amilaxvari mərkəzə hədiyyə olaraq “Pələngdərisi geyinmiş pəhləvan” əsərinin muzey nüsxəsini təqdim edib. Yerevan Dövlət Universitetinin Gürcüşünaslıq Mərkəzi Gürcüstanın tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında akademik biliklərin yayılmasına və mübadiləsinə töhfə verəcək. Qeyd etmək lazımdır ki, Yerevan Dövlət Universitetinin Gürcüşünaslıq Mərkəzinin açılışından əvvəl Qiorqi Amilaxvari Yerevan Universitetinin rektoru Hovanes Hovanesyan ilə işgüzar görüş keçirib, onunla birgə akademik proqramlar və elmi-tədqiqat layihələrinin həyata keçirilməsi yolu ilə Gürcüstanın ali təhsil müəssisələri ilə mövcud və gələcək əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edib.

Gürcüstanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qiorqi Şarvaşidze Yerevan Dövlət Universitetində Gürcüşünaslıq Mərkəzinin təntənəli açılış mərasimində iştirak edib.

Məlumatı Təhsil Nazirliyinin mətbuat xidməti yayır.