Qiorqi Amilaxvari təhsil naziri vəzifəsinə təyin edilib
Qiorqi Amilaxvari təhsil naziri vəzifəsinə təyin edilib

 

Qiorqi Amilaxvari Gürcüstanın təhsil və elm naziri vəzifəsini tutacaq. Bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Hökumət Administrasiyasında brifinqdə bildirib.

Amilaxvari 2019-cu ildən nazir vəzifəsini tutan Mixeil Çxenkelini əvəzləyib.

“Bu gün yeni təhsil və elm naziri Qiorqi Amilaxvarini sizlərə təqdim edirik. Bundan əvvəl sizlərə öz istəyi ilə vəzifəsini tərk edən Mixeil Çxenkeli ilə artıq görüşdüyümü demək istərdim. Mixeil Çxenkelinin uğurlu nazir olduğunu qeyd etmək istərdim. Dörd il hökumətimizə, ölkəmizə, gənc nəslə xidmət edib. O, xeyli mühüm layihələr həyata keçirib, bir çox islahatların əsasını qoyub. Akademik fəaliyyətinə qayıtmaq Mixeil Çxenkelinin qərarı və istəyi idi. Çxenkeli Beynəlxalq Məsləhətçilər Şurasının sədri kimi fəaliyyətini Kutaisi Beynəlxalq Universitetində davam etdirəcək. Mixeil Çxenkeliyə komandamız, hökumət, öz adımdan gördüyü işlərə görə təşəkkür etmək və ona gələcək fəaliyyətində uğurlar arzulamaq istəyirəm” – deyə İrakli Ğaribaşvili açıqlayıb.

Qiorqi Amilaxvari 2021-ci ildən Gürcüstan parlamentinin Təhsil və Elm Komitəsinə rəhbərlik edirdi.

2018-2019-cu illərdə Amilaxvari Təhsil Proqramlarının Akkreditasiyası Şurasının sədr müavini vəzifəsində işləyib; 2010-2020-ci illərdə Tbilisi Açıq Universitetində vitse-rektor, rektor, hüquq kafedrasının dosenti olub; 2008-2010-cu illərdə Litva investisiya şirkəti MMC “Saverus”un Gürcüstan filialı “Saverus Georgia”nın baş hüquqşünası olub; 2007-2008-ci illərdə Gürcüstanın dövlət nazirinin aparatında Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə baş mütəxəssis vəzifəsində çalışıb.

Qiorqi Amilaxvari hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. O, hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.