Qiorqi Amilaxvari Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Gürcüstana yeni təyin olunmuş nümayəndəsi ilə görüş keçirib
Gürcüstanın təhsil və elm naziri Q.Amilaxvari Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Gürcüstana yeni təyin olunmuş nümayəndəsi İesper Moller ilə tanışlıq məqsədli görüş keçirib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, tərəflər əməkdaşlığın gücləndirilməsi perspektivlərini və birgə təhsil layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Qiorqi Amilaxvari İesper Molleri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və nazirliklə BMT-nin Uşaq Fondu arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib.
O, təhsil və elm istiqamətində uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələrin bu səmərəli əməkdaşlığın nümunəsi olduğunu söyləyib.
Görüşdə məktəbəqədər və ümumi təhsil səviyyəsində cari və planlaşdırılan layihələrə toxunulub. Görüşün sonunda tərəflər müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.