Qəzalı vəziyyətdə olan evlərin dəyişdirilməsi proqramı çərçivəsində Kaloubani küçəsində binanın tikintisi tamamlanıb
Paytaxtın meri Kaxa Kaladze müavini İrakli Bendeliani ilə birlikdə Samqori rayonunda, Kaloubani küçəsində yerləşən qəzalı evin dəyişdirilməsi layihəsi ilə tanış olub.
Tbilisinin Meriyasının mətbuat xidmətindən verilən məlumata əsasən, sözügedən ünvanda yerləşən 4 mərtəbəli qəzalı vəziyyətdə olan binanın əvəzinə 10 mərtəbəli yaşayış binasının və yeraltı avtomobil dayanacağının tikintisi tamamlanıb.
“Burada 36 ailə yaşayırdı. Onlarla danışıqlar aparıldı. Müvəqqəti olaraq kirayəyə köçürdük və xərcləri tam olaraq munisipalitet qarşılayır. Layihəyə gəlincə, binanın tikintisi tamamlanıb. Hazırda xarici səthin işlənməsi prosesi gedir. Yaxın vaxtlarda daxili təmir işlərinə başlayacağıq. Oktyabr ayında isə bu 36 ailə səliqəyə salınmış və təmirli evlərdə yaşaya biləcək. Sözügedən proqramın uğurla davam etməsinə olduqca şadam. Təəssüf ki, şəhərdə çoxlu qəzalı bina- tikililər var. Arzumuz odur ki, bu binaların mümkün qədər çoxu yeniləri ilə əvəz edilsin. Biz bütün maraqlı tərəfləri dəstəkləməyə və mümkün qədər çox layihə həyata keçirməyə hazırıq”- deyə Kaxa Kaladze bildirib.
Tbilisinin İnkişaf Fondunun rəhbəri Qiorqi Papava, Samqori rayonunun icra başçısı Kaxa Samxaradze və Tbilisi Sakrebulosunun majoritar deputatı Revaz Soxadze ərazidə olublar.
Tbilisinin Meriyasından verilən məlumatda, yaşayış evinin əsas tikinti işlərinin tamamlandığı deyilir. Hazırda 7-ci mərtəbədə elektrik naqilləri, suvaq işləri, istilik, su, kanalizasiya şəbəkələri çəkilir. Yeni yaşayış binası 90 mənzillidir. Onlardan 36 ədədi təmir edilmiş şəkildə sahiblərinə veriləcək, 54 ədədi ağ karkas vəziyyətində və 7 ədəd avtomobil dayanacağı tikinti işlərinin dəyərinin natura şəklində ödənilməsi məqsədi ilə tədarükçü üçün nəzərdə tutulub.