Qəhrəmanlar Meydanında Jiuli Şartavanın büstünün açılışı baş tutub
Qəhrəmanlar Meydanında Jiuli Şartavanın büstünün açılışı baş tutub

 
Tbilisidə Qəhrəmanlar Meydanında Gürcüstanın Milli Qəhrəmanı Jiuli Şartavanın büstünün açılışı baş tutub. Bu barədə paytaxt meriyası məlumat yayır.

Tbilisi meriyası tərəfindən yayılan məlumatda paytaxt meri Kaxa Kaladze, baş nazir İrakli Ğaribaşvili və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Jiuli Şartavanın büstünün açılışını etdiyi və memarlıq-bədii kompozisiyanı əklillərlə bəzədikləri deyilir.

Bundan əlavə, Suxuminin süqutu günü İrakli Ğaribaşvili və Kaxa Kaladze Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.

“27 sentyabr arxasında çoxlu insan həyatı, köçkün ailələr və işğal olunmuş ərazilərin dayandığı ən yaxın tariximizin ən faciəli günlərindən biridir . Gürcüstanın tarixi qəhrəmanlar tarixidir. Vətən üçün fədakarlığın, ölkənin müstəqilliyi uğrunda mübarizənin nümunələri çoxdur. Onlardan biri də Jiuli Şartavadır. Bu gün Gürcüstanın milli qəhrəmanı, siyasi və dövlət xadimi Jiuli Şartavanın büstünü açmaq şərəfinə nail olduq. Sentyabrın 27-də, Suxuminin süqutu günü Jiuli Şartava güllələndi. Sona qədər mübarizə aparan bu insan Suxumini tərk etmədi. Onu qətlə yetirdilər, lakin adını silə bilmədilər. İnanıram ki, vaxt gələcək və onun adı Suxumidə də layiqli yerini tutacaq. Ölkənin birliyi uğrunda döyüşlərdə həlak olan qəhrəmanların xatirəsi qarşısında baş əyirəm”- deyə Kaxa Kaladze bildirib.

Jiuli Şartavanın büstünün müəllifi Avtandil Mchedlişvilidir. Memarlıq-bədii kompozisiyanın eskizini yaratmaq üçün Tbilisi meriyası müsabiqə elan edib. Müsabiqədə həm Gürcüstan, həm də xarici ölkə vətəndaşı olan fərdi müəllif və ya müəlliflər qrupu iştirak edə bilərdilər.

Qalib “Tbilisi munisipalitetinin inzibati sərhədləri daxilində memarlıq-bədii kompozisiyanın eskiz və smeta sənədləri üçün ən yaxşı təklifin seçilməsi məqsədilə yaradılmış müsabiqə komissiyası” tərəfindən müəyyən edilib.