Qazaxıstanın Baş naziri: Gürcüstanın regional nəqliyyat qovşağı kimi artan rolunu yüksək qiymətləndiririk, investisiya əməkdaşlığı gündəliyimizin əsas istiqamətlərindən biri olaraq qalır
Qazaxıstan Gürcüstanı Cənubi Qafqazda etibarlı dost və mühüm strateji tərəfdaş hesab edir. Bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı bildirib.
Bektenov qeyd edib ki, Qazaxıstan Gürcüstanın Mərkəzi Asiya, Cənubi Qafqaz, Qara dəniz regionu və Avropanı birləşdirən regional nəqliyyat və logistika mərkəzi kimi artan rolunu yüksək qiymətləndirir.
Onun sözlərinə görə, İrakli Kobaxidzenin rəsmi səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının, yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı etimadın və möhkəm tərəfdaşlığın göstəricisidir. Bektenov həmçinin Gürcüstanın Baş nazirini Qazaxıstanın ali dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Qazaxıstanın Baş naziri bildirib ki, ticarət və investisiya əməkdaşlığı iki ölkə arasında ikitərəfli gündəliyin əsas istiqamətlərindən biri olaraq qalır. Onun sözlərinə görə, cari ilin ilk dörd ayında qarşılıqlı ticarət dövriyyəsi 53 milyon ABŞ dolları təşkil edib ki, bu da iqtisadi əməkdaşlığın böyük potensialını nümayiş etdirir.
Bektenov qeyd edib ki, son 20 ildə Qazaxıstandan Gürcüstana yönəldilən investisiyaların həcmi 570 milyon ABŞ dollarını ötüb. Hazırda Qazaxıstanda Gürcüstan kapitallı 600-dən çox şirkət fəaliyyət göstərir ki, bu da biznes əməkdaşlığının daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.
O, investisiya fəallığının artırılması məqsədilə hökumətlərarası komissiyaya yeni birgə layihələr və sənaye əməkdaşlığının genişləndirilməsi ilə bağlı konkret təkliflər hazırlamağı təklif edib. Prioritet istiqamətlər kimi ərzaq emalı, neft-kimya sənayesi, nəqliyyat xidmətləri, emal sənayesi, tikinti materiallarının istehsalı və logistika sahələri göstərilib.
Bektenov vurğulayıb ki, Qazaxıstan hökuməti Gürcüstan hökuməti ilə dialoqu və praktiki əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır.