Qanunsuz sahibkarlıq fəaliyyəti və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması faktı üzrə iki nəfər saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Sameqrelo-Yuxarı Svaneti Prokurorluğu ilə koordinasiyada həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qanunsuz sahibkarlıq fəaliyyəti və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması faktları üzrə iki nəfəri – V.G. və L.S.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Qurya bölgəsində Supsa çayından müvafiq icazə və lisenziya olmadan sistematik şəkildə inert material çıxararaq onu müxtəlif sahibkarlıq subyektlərinə satıblar.
Ümumilikdə qanunsuz şəkildə 380 804 lari dəyərində 32 957 kubmetr inert material əldə edilib, ətraf mühitə vurulan zərər isə 494 345 lari təşkil edib.
Bundan əlavə, təqsirləndirilən şəxslərdən biri 45 713 lari məbləğində qanunsuz gəlirin leqallaşdırılmasını həyata keçirib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi və 194-cü maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə aparılır. Bu maddələrə əsasən, 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.