Prokurorluğun təqdim etdiyi sübutlar əsasında məhkəmə bir nəfəri xarici ölkənin terror təşkilatına qoşulmaq və terror fəaliyyətinə yardım etmək faktı üzrə təqsirli bilib
Tbilisi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edib və təqsirləndirilən şəxsi xarici ölkənin terror təşkilatına qoşulmaqda və terror fəaliyyətinə yardım etmək faktı üzrə təqsirli bilib-məlumatı prokurorluq yayır.
“Məhkəmə prosesində tədqiq edilən sübutlarla təsdiqlənib ki, təqsirləndirilən Gürcüstan vətəndaşı Ts.T. “İslam Dövləti” terror təşkilatına qoşulub və “İslam Dövləti”nin Suriya ərazisində həyata keçirdiyi silahlı əməliyyatlarda fəal iştirak edib. Bundan başqa, təqsirləndirilən şəxs terror təşkilatına dəstək məqsədilə terror fəaliyyətinin təbliğatı ilə məşğul olub.
Təqsirləndirilən şəxs 2022-ci ilin dekabrın 7-də Tbilisi Beynəlxalq Hava Limanında saxlanılıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 328-ci (xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə) maddəsi ilə ittiham olunub.
Məhkəmə Ts.T.-ni təqdim olunmuş ittiham üzrə təqsirli bilərək 12 il müddətinə azadlıqdan məhrum edib” – prokurorluqdan bildiriblər.