Prokurorluq - Türkiyə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxsin Gürcüstandan Türkiyə Respublikasına ekstradisiyası həyata keçirildi
Türkiyə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxsin Gürcüstandan Türkiyə Respublikasına ekstradisiyası həyata keçirildi. Bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayır.
Qurumdan verilmiş məlumata əsasən, adıçəkilən şəxs azyaşlıya qarşı törədilən işgəncə, təhdid, qrup şəklində təcavüz və təcavüzə köməklik etdiyinə görə Türkiyə Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.
“Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təqdim edilmiş ekstradisiya vəsatəti əsasında Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları axtarışda olan şəxsi Batumidə saxlayıblar. Gürcüstan Baş Prokurorluğunun vəsatəti əsasında şəhər məhkəməsinin qərarı ilə onun Türkiyə Respublikasına ekstradisiyası məqbul elan edilib və Gürcüstan Ali Məhkəməsi onu qüvvədə saxlayıb. 2023-cü ilin iyulun 7-də Gürcüstanın ədliyyə naziri adıçəkilən şəxsin Türkiyə Respublikasına ekstradisiyası ilə bağlı yekun qərar qəbul edib, bundan sonra da axtarışda olan şəxs Türkiyə Respublikasının səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib”-deyə prokurorluğun məlumatında qeyd olunub.
Gürcüstanın Prokurorluğu axtarışda olan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılması üçün gələcəkdə də tərəfdaş ölkələrin səlahiyyətli orqanları ilə uğurlu əməkdaşlığa hazır olduğunu ifadə edir.