Prokurorluq Laşa Nakaidze barəsində cinsi dözümsüzlük motivi ilə təcavüz və öldürməklə təhdid etmə faktları üzrə ittiham irəli sürüb
Prokurorluq Laşa Nakaidze barəsində cinsi dözümsüzlük motivi ilə təcavüz və öldürməklə təhdid etmə faktları üzrə ittiham irəli sürüb

 

Gürcüstan Prokurorluğu “Mtavari Arxi”nin səhər proqramının aparıcısı Laşa Nakaidze barəsində cinsi dözümsüzlük motivi ilə təcavüz və öldürməklə təhdid etmə faktları üzrə ittiham irəli sürüb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, avqustun 15-də təqsirləndirilən L.N. gender əsaslı dözümsüzlük motivi ilə, qisas almaq məqsədilə bıçaq və səs tapançasını nümayiş etdirməklə A.P.-ni həyatına son qoymaqla hədələyib, həmçinin bədəninin müxtəlif nahiyələrinə vurmaqla və sancıcı alətlə fiziki xəsarət yetirib. Bundan sonra təqsirləndirilən şəxs zorakılıq və zorakılıq təhdidi ilə zərərçəkmişə qarşı cinsi zorakılıq törədib.

Zərərçəkmişin müraciəti əsasında, hüquq-mühafizə orqanlarının əməkdaşları avqustun 16-da təqsirləndirilən şəxsi saxlayıblar. Prokurorluq onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima 137-ci maddəsinin birinci hissəsi (təcavüz), 126-cı maddəsinin birinci hissəsi (ailədaxili şiddət) və 11-ci prima 151-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi (ailə üzvünü öldürməklə təhdid etmə ) ilə ittiham irəli sürüb, bu isə cəza tədbiri olaraq altı ildən səkkiz ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur” – deyə Gürcüstan Prokurorluğunun bəyanatında deyilir.

Prokurorluqda, qurumun təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində Tbilisi Şəhər Məhkəməsinə vəsatətlə müraciət edəcəyi deyilir.

Qurumdan verilən məlumatda, cinayət işi üzrə istintaqın davam etdiyi deyilir.

“Mtavari Arxi”nin səhər proqramının aparıcısı Laşa Nakaidze hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin üç maddəsi ilə dünən saxlanılıb.