Prokurorluq iyunun 30-da ABŞ səfirliyinin ərazisində baş vermiş insidentin araşdırılması ilə əlaqədar məlumat yayır
Prokurorluq iyunun 30-da ABŞ səfirliyində baş verən insidentin araşdırılması ilə bağlı məlumat yayır. Prokurorluqda faktın hərtərəfli tədqiq edilməsi prosesində ABŞ-ın Gürcüstandakı səfirliyi ilə tam əməkdaşlığa hazır olduqlarını qeyd edirlər.
“Cari ilin iyunun 30-da Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyinin ərazisində keçirilən rəsmi qəbulda Gürcüstan parlamentinin üzvlərinin iştirakı ilə baş vermiş zorakılıq və təhdid faktları ilə əlaqədar Gürcüstan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 126 və 151-ci maddələri ilə nəzərdə tutulmuş cinayət işarələri ilə istintaq başladılıb.
Baş vermiş faktla əlaqədar istintaq başladılmazdan əvvəl Gürcüstan Prokurorluğu mövcud hüquqi məsələlərin həlli, o cümlədən insidentin öyrənilməsi üçün zəruri istintaq və prosessual hərəkətlərin səfirliyə məxsus ərazidə Gürcüstan qanunvericiliyinin mümkün yayılması ilə bağlı aparılması məqsədilə Amerika Birləşmiş Ştatlarının Səfirliyinin müvafiq nümayəndələri ilə aktiv ünsiyyətdə olub.
Cari ilin iyulun 15-də Gürcüstan Xarici İşlər Nazirliyinin vasitəsilə Prokurorluğa Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyindən nota daxil olub və notada səfirlik və səfirlik əməkdaşlarının diplomatik toxunulmazlığını nəzərə alaraq iyunun 30-da baş verən insidentin araşdırılması istiqamətində diplomatik imkanlardan istifadə edərək Gürcüstanın müvafiq qurumları ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Bəhsi keçən notanı aldıqdan sonra Gürcüstan Prokurorluğu cinayət işi üzrə istintaqa başlayıb və bu məsələ ilə əlaqədar bütün zəruri istintaq və prosessual hərəkətlər aktiv şəkildə aparılacaq.
MMC “Pirveli Teleşirkəti”nin təsisçisi Vaxtanq Tseretelinin Gürcüstan parlamentinin üzvləri tərəfindən ona qarşı törədilmiş mümkün zorakılıqdan bəhs etdiyi bəyanat istintaqın başladılmasının əsası olub. Gürcüstan parlamentinin üzvü Anri Oxanaşvili də həmçinin Gürcüstanın Baş Prokurorluğuna Vaxtanq Tsereteli tərəfindən ona qarşı mümkün təhdidin edilməsi ilə bağlı bəyanatla müraciət edib. Bu məsələ ilə əlaqədar Gürcüstan parlamentinin üzvü Levan Mqaloblişvilinin ona qarşı mümkün zorakılıq faktına işarə edən bildirişi daxil olub.
Yuxarıda adı çəkilən şəxslərin bəyanatlarında göstərilən bütün faktlar iyunun 30-da ABŞ-ın Gürcüstandakı səfirliyinin ərazisində keçirilən rəsmi qəbulda baş vermiş zorakılıq və təhdid faktı ilə əlaqədar olduğundan, onlar bu cinayət işi çərçivəsində öyrəniləcək.
Bu gün saat 18:00-da MMC “Pirveli Teleşirkəti”nin təsisçisi Vaxtanq Tsereteli şahid qismində dindirilmək üçün Gürcüstan Baş Prokurorluğuna çağırılıb.
İstintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi ilə iyunun 30-da səfirlik ərazisində baş vermiş faktın hərtərəfli araşdırılması prosesində tam əməkdaşlığa hazır olduğumuzu bildiririk” – deyə Prokurorluqdan bildiriblər.