Prokurorluq Qoqi Tsulaiaya qismən bəraət qazandıran məhkəmə qərarından Apellyasiya Məhkəməsinə şikayət edəcək
Gürcüstan Prokurorluğu Tbilisi Şəhər Məhkəməsinin cinsi xarakterli digər hərəkətlərə görə ittiham olunmuş müqəssirə qismən bəraət qazandırdığı hökmlə razılaşmır və qərardan Apellyasiya Məhkəməsinə şikayət verəcək. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, Q.Ts. 2021-ci ilin martın 16-da siyasi fəaliyyətindən irəli gələrək danışıqlara kömək etmək məqsədilə A.D.-dən Tbilisidə planlaşdırılan görüşə onu müşayiət etməsini xahiş edib. Tbilisiyə gəldikdən sonra Q.Ts.zərərçəkmişə kirayə mənzildə qalmağı təklif edib və mənzildə spirtli içkinin təsiri altında olan Q.Ts. zərərçəkənə qarşı zorakılıqla cinsi xarakterli hərəkətlər edib. Sözügedən zorakılıq nəticəsində zərərçəkmiş bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb.
Q.Ts.-yə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 138-ci maddəsinin birinci hissəsi ilə (zorakılıqla törədilən cinsi xarakterli digər hərəkətlər) ittiham irəli sürülüb.
Tbilisi Şəhər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 138-ci maddəsinin birinci hissəsi ilə irəli sürülən ittiham üzrə bəraət qazanıb, 126-cı maddəsinin birinci hissəsi ilə (zərərçəkmiş şəxsin fiziki ağrı çəkməsinə səbəb olan zorakılığın tətbiq edilməsi) təqsirli bilinib və altı ay müddətinə azadlıqdan məhrum edilib.
İttihamçı tərəf Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə razılaşmır və hökmdən qanunla müəyyən edilmiş müddət ərzində Apellyasiya Məhkəməsinə şikayət verəcək”- deyə prokurorluğun məlumatında qeyd olunur.