Prokurorluq Qia Baramidzeni vətənə xəyanət, konkret olaraq isə sabotaj ittihamı ilə həbs edib
Gürcüstan Prokurorluğu „Milli Hərəkat“ partiyasının liderlərindən biri, sabiq daxili işlər və müdafiə naziri (2003-2004-cü illər) Qia Baramidzeni vətənə xəyanət, konkret olaraq isə sabotaj ittihamı ilə, məhkəmə qərarı əsasında həbs edib. Bu barədə qurumda keçirilən brifinqdə Baş prokurorun müavini Amiran Quluaşvili bəyan edib.
Quluaşvilinin qeyd etdiyi kimi, ittiham 4 ilə qədər həbs cəzasını nəzərdə tutur.
“İctimaiyyətə məlumdur ki, cari ilin iyul ayında İaqo Xviçianın müəllif proqramı olan „Gürcüstanın doğuluşu“ verilişində Giorgi Baramidze bəyan edib ki, 1992-1993-cü illərin Abxazia silahlı münaqişəsinin ilkin mərhələsində gürcü silahlı qüvvələrinin nümayəndələri əsir götürmür, onları yerindəcə güllələyirdilər. Bununla da o, Gürcüstan Silahlı Qüvvələrini beynəlxalq humanitar hüquq normalarını pozmaqda və ağır müharibə cinayətləri törətməkdə ittiham edib.
Gürcüstan Prokurorluğu tərəfindən keçirilən istintaq nəticəsində, silahlı münaqişə zamanı Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri və ya müharibə iştirakçıları tərəfindən əsirlərin güllələnməsi faktları qəti şəkildə təkzib edilib. Bu, cəmiyyət və beynəlxalq birlik üçün onsuz da indiyə qədər də məlum idi və heç vaxt müzakirə mövzusu olmamışdır.
Giorgi Baramidzenin yaydığı məlumat əsassız və uydurmadır, məqsədyönlü, ideoloji-informasiya xarakteri daşıyır və Gürcüstanın dövlət və milli maraqlarına, xarici təhlükəsizliyinə, müdafiə qabiliyyətinə və dövlət institutlarına zərər vurmağa xidmət edir.
Giorgi Baramidzenin bəyanatı ilə Gürcüstanın beynəlxalq nüfuzu və imici sarsılıb, həmçinin beynəlxalq instansiyalarda Gürcüstana qarşı yönəlmiş informasiya kampaniyası və hüquqi prosedurların gücləndirilməsi və istifadə edilməsi üçün hüquqi və siyasi risklər yaranıb. Onun bəyanatı Gürcüstan Müdafiə Qüvvələrinin reputasiyasına zərər vurub, Abxaziya müharibəsi iştirakçısı olan veteranların, eləcə də həlak olmuş hərbi qulluqçuların şərəf və ləyaqətini ləkələyib.
Eyni zamanda, Giorgi Baramidzenin əməli münaqişədən zərər çəkmiş əhali ilə barışıq və etimadın bərpası prosesini təhlükə altına qoyub, Gürcüstanın sülh və deokkupasiya siyasətinə zərər vurub və dövlət qurumlarının normal fəaliyyətinə mane olub. Bura Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Aparatının fəaliyyətini həyata keçirməsi, eləcə də onun tərəfindən etimadın bərpası və əməkdaşlıq istiqamətində yaradılmış mexanizmlərin effektiv şəkildə fəaliyyət göstərməsi də daxildir.
Keçirilmiş istintaq nəticəsində, əldə olunmuş sübutlar əsasında Giorgi Baramidzeyə vətənə xəyanət, konkret olaraq isə sabotaj faktı üzrə ittiham irəli sürüləcək, bu da cəza növü və ölçüsü olaraq 4 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
“Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs qərarının seçilməsi tələbi ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
İş üzrə istintaq davam edir və biz ictimaiyyətə işin gedişi və nəticələri barədə əlavə məlumat verəcəyik”, – deyə Prokurorluğun məlumatında qeyd olunub.