Prokurorluq dələduzluq yolu ilə külli miqdarda vəsaiti ələ keçirmək faktı üzrə bir nəfərə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu dələduzluq yolu ilə külli miqdarda vəsaiti ələ keçirmək faktı üzrə bir nəfərə qarşı ittiham irəli sürüb.
İstintaq orqanının məlumatına əsasən Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz olaraq pul vəsaitini ələ keçirmək məqsədilə zərərçəkmişləri guya Tbilisi Texniki Universitetinin dekanı kimi 3000-5000 lari ödəniş etmək müqabilində vahid milli imtahan vermədən adı çəkilən universitetə tələbə qəbul edə biləcəyinə inandırıb. Həmçinin, təqsirləndirilən şəxs zərərçəkmişlərin inamından istifadə edərək onları guya mövcud tələbə proqramı çərçivəsində Tbilisidə tələbələrə minimum qiymətə 7-11 min lariyə mənzil verə biləcəyinə dair aldadıb.
“Təqsirləndirilən şəxs qeyd olunan sxemdən istifadə edərək 10 zərərçəkmişin – ümumilikdə 119 030 lari vəsaitini mənimsəyib.
Hüquq-mühafizə orqanlarının işçiləri Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında təqsirləndirilən şəxsi 2023-cü ilin yanvarın 21-də saxlayıblar. Onun barəsində Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 3-cü hissəsinin “b” yarımbəndi ilə ittiham irəli sürülüb, bu, cəza ölçüsü olaraq altı ildən doqquz ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə artıq müraciət edib.
Cinayət işi üzrə istintaq davam edir. Gürcüstan Prokurorluğu vətəndaşları onlara qarşı oxşar hərəkətlərin olması halında dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır” -deyə Prokurorluğun məlumatında deyilir.