Prokurorluq bir nəfər barəsində heyvana qarşı amansız yanaşma və zorakılıq faktı üzrə ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu bir nəfər barəsində heyvana qarşı onun ölümü ilə nəticələnmiş amansız yanaşma və zorakılıq faktı üzrə ittiham irəli sürüb.
Prokurorluqda açıqlandığı üzrə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, noyabrın 29-da Tbilisidə təqsirləndirilən şəxs atasına məxsus “Rottweiler” itinə zorakılıq tətbiq edib, sonra onu yaşayış binasının 8-ci mərtəbəsinin eyvanından atıb. İt təqsirləndirilən şəxsin hərəkəti nəticəsində ölüb.
Məlumatda hüquq-mühafizə orqanlarının əməkdaşlarının təqsirləndirilən şəxsi noyabrın 30-da saxladıqları deyilir. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsinin 3-cü hissəsi ilə (Heyvanla amansız rəftar və onun ölümünə səbəb olan digər zorakılıq hərəkətləri) ittiham irəli sürülüb, bu da cəza ölçüsü olaraq 1 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs qərarının çıxarılması haqqında Tbilisi Şəhər Məhkəməsinə vəsatətlə müraciət edəcək.