Prezident "Qadınlar Gələcək Naminə" Qadın Biznes Liderləri Federasiyası ilə görüş keçirib
“Qadınlar Gələcək Naminə” Qadın Biznes Liderləri Federasiyası Gürcüstan prezidentinə beynəlxalq istiqamətdə düzgün mövqeyinə görə təşəkkür edib. Məlumatı Prezident Administrasiyasının mətbuat xidməti yayır.
Gürcüstan prezidenti ilə görüş bu gün Orbeliani sarayında baş tutub. Söhbət zamanı Ukraynada baş verən hadisələr, Rusiyanın dost ölkəyə təcavüzü və Ukraynaya yönəlik həmrəylik məsələləri müzakirə edilib.
“Bütün üzvlər adından bu çox çətin vəziyyətdə, beynəlxalq və ya daxili səviyyədə Gürcüstanın hər bir vətəndaşının mövqeyini düzgün şəkildə ifadə etdiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Bu gün biznes və siyasət heç vaxt olmadığı kimi iç-içədir və biz bu gün qonşu dövlətlərdə gedən proseslərlə birbaşa əlaqədəyik və təbii ki, sizinlə birlikdə Rusiyanın dost ölkəyə qarşı təcavüzünü tənqidi və radikal şəkildə qınayırıq. Sizinlə, ilk qadın prezidentlə görüşmək bizim hər bir üzvümüz üçün çox önəmlidir. Bilməyinizi istərdik ki, platformamız var, onun vasitəsilə iqtisadi təhlükəsizlik və siyasi məsələlər üzərində birlikdə işləyə bilərik”-deyə Federasiyanın sədri Nina Kobaxidze bildirib.
Görüşdə həmçinin may ayında prezidentin təşəbbüsü ilə Tbilisidə siyasət, iqtisadiyyat və mədəniyyət sahələrindən olan qadın liderlərin iştirakı ilə Sülh və Təhlükəsizlik Məsələləri üzrə Qadın Liderlərin Beynəlxalq Konfransının keçirilməsinə toxunulub , konfransda sülh və təhlükəsizlik məsələlərində qadınların rolu müzakirə olunacaq. Gürcüstan prezidentinin sözlərinə görə, Ukraynada davam edən müharibə fonunda Gürcüstandan göndərilən mesaj çox önəmli olacaq.
Nina Kobaxidze federasiya adından Beynəlxalq Qadınlar Forumunu həm maliyyə, həm də böyük və yüksək səviyyəli investorların dəvət olunması baxımından da dəstəklədiyini bildirib.
Görüş zamanı yeni imkanlar pəncərəsi və Avropa liderlərinin ölkələrimizə yeni münasibəti olaraq Gürcüstanın Avropa İttifaqına sürətləndirilmiş inteqrasiyası məsələsi də müzakirə olunub.
Prezident bu sürətləndirilmiş Avropaya inteqrasiya prosesinin milli razılıq prosesinin bir hissəsinə çevrilməsi arzusunu ifadə edib və Qadın Biznes Liderləri Federasiyasının bu prosesə cəlb olunmasının vacibliyini vurğulayıb.