“Politico” – İspaniya parlamentinin hökumətin mənzil siyasəti ilə bağlı iki qanun layihəsini rədd etməsindən sonra baş nazir Pedro Sançes növbədənkənar seçkilər təyin edə bilər

19:54, 02.10.2026

İspaniyanın Baş naziri Pedro Sançes, parlamentin mənzil siyasəti ilə bağlı hökumətin iki mühüm qanun layihəsini rədd etməsindən sonra növbədənkənar seçkilər təyin edə bilər. Bu barədə “Politico” məlumat yayır.

Qanun layihələri hökumət tərəfindən cari həftənin əvvəlində təqdim edilib. Məqsəd kirayəçilərin qorunması və bazarın ciddi şəkildə nəzarətdə saxlanılmasıdır. Bu təşəbbüs ölkə daxilində etiraz aksiyalarına səbəb olan 87 yaşlı qadının evindən çıxarılmasından sonra irəli sürülüb.

Parlament sessiyasından bir gün əvvəl hökumət mənbələri İspaniyanın “El Pais” qəzetinə bildiriblər ki, Sançes növbədənkənar seçkilər təyin etməyi düşünür. Ölkənin baş nazirinin müavini İolanda Dias Sançeslə danışdığını və növbədənkənar seçkilər ehtimalını istisna etmədiyini qeyd edib.

Parlamentin səlahiyyət müddəti gələn yay başa çatır. Medianın yazdığına görə, Seutada davam edən miqrasiya böhranı, həmçinin ailə üzvləri və yaxın siyasi müttəfiqlərinin korrupsiya işləri səbəbindən təzyiq altında olan Baş nazirin növbədənkənar seçkilər təyin etmək üçün uyğun məqam axtardığına dair fərziyyələr getdikcə artır.

Oxşar