"Politico" - Avropa Parlamentində korrupsiya qalmaqalı genişlənib, Andrea Kotsolinonun tutulması haqqında qərarda daha iki deputatın adı yer alıb
Avropa Parlamentində korrupsiya qalmaqalı genişlənib. “Politico” nəşrinin yazdığı kimi, avropalı parlamentari Andrea Kotsolinonun tutulması haqqında qərarda daha iki deputatın adı keçir. Bunlara: Maria Arena və Alesandra Moreti daxildir.
“Politico” tərəfindən görülən Andrea Kotsolinonun tutulması haqqında qərar fevralın 10-da Belçika məhkəməsi tərəfindən çıxarılıb. Belçika polisi Avropa Parlamentində mümkün korrupsiya faktlarını və Qətər və Mərakeşin təsirini araşdırır.
Sənədə əsasən Arena və Moreti, Kotsolino və başqa bir belçikalı deputat Mark Tarabela ilə birlikdə sabiq avropalı parlamentari Pyer Antonio Pantserin tapşırıqlarını yerinə yetirən qrupun üzvləri olublar.
İstintaq Pantserin Avropa Parlamentində korrupsiya şəbəkəsinə rəhbərlik etmə ehtimalı ilə bağlı məlumat yayır. Pyer Antonio Pantser Belçika prokurorluğu ilə əməkdaşlığa razı olub və bunun müqabilində cəzanın yüngülləşdirilməsini istəyib.
Tutulma haqqında qərarda qrupun fəaliyyət planı və üzvlərinin kimliyinin Pantserin yazışmaları vasitəsilə aşkarlandığı məlum olur. “Politico” ilə söhbətində Alesandra Moreti ittihamları rədd edir. “Mən siyasi fəaliyyətim zamanı heç vaxt cənab Pantserin göstərişlərinə uyğun hərəkət etməmişəm” -deyə Moreti bildirib.