Polis Tbilisidə qəsdən adam öldürməyə cəhd faktı üzrə üç nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1966-cı il təvəllüdlü A.C.-ni qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar və əvvəllər məhkumluq həyatı yaşamış şəxsləri: 1969-cu il təvəllüdlü T.Z. və 1993-cü il təvəllüdlü B.C.-ni cinayət barədə məlumat verməmək ittihamı ilə saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatında, cinayətlərin 15 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.
“İstintaqla müəyyən edilib ki, cari ilin sentyabrın 24-də təqsirləndirilən A.C. qarşılıqlı mübahisə zəminində Tbilisidə Didi Diğomidə odlu silahdan 1993-cü il təvəllüdlü Q.C.-yə bir neçə xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Yaralı kişini xəstəxanaya aparıblar, ona müvafiq tibbi yardım göstərilir. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları A.C.-ni şübhəli şəxs qismində saxlayıblar.
Həmçinin, istintaqla müəyyən edilib ki, B.C. və T.Z. yaralama faktının şahidi olublar, lakin onlar polisə baş vermiş hadisə haqda məlumat verməyiblər. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci və 376-cı maddələri ilə aparılır, bu da qəsdən adam öldürməyə cəhd və cinayət barədə məlumat verməməyi nəzərdə tutur” – Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.