Polis Tbilisidə aprelin 9-da qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1984-cü il təvəllüdlü E.M.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumdan verilən məlumatda istintaqla təqsirləndirilən şəxsin cari ilin aprelin 9-da Tbilisidə qarşılıqlı mübahisə zəminində 1972-ci il təvəllüdlü M. Ş.-yə soyuq silahla ölümcül xəsarət yetirməsi faktının müəyyən edildiyi deyilir.

“Polis tərəfindən həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən E.M. “isti izlər”lə saxlanılıb. Sübut olaraq cinayətin törədildiyi silah – bıçaq götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır. Cinayət 10 ildən 15 ilədək müddətə həbs cəzasını nəzərdə tutur”-deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.