Polis qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıb
Polis qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıb

 
Gürcüstanın Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1978-ci il təvəllüdlü T.T. ailə üzvünə qarşı xüsusi amansızlıqla adam öldürməyə cəhd ittihamı ilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda, cinayətin 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutduğu deyilir.

Qurumun verdiyi məlumat üzrə, istintaqla müəyyən edilib ki, Axmeta Munisipalitetinin Zemo Alvani kəndində qarşılıqlı mübahisə zəminində yaranmış münaqişə zamanı təqsirləndirilən şəxs həyat yoldaşı – 1981-ci il təvəllüdlü T.O. və həyat yoldaşının qohumu – 2009-cu il təvəllüdlü Q.M.-ya soyuq silahla xəsarət yetirib, bundan sonra da hadisə yerindən qaçaraq gizlənib.

Hüquq mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində T.T. “isti izlər”lə saxlanılıb.

Polis cinayət silahını – bıçağı sübut kimi götürüb.

Ailə üzvünə qarşı xüsusi amansızlıqla törədilən qəsdən adam öldürməyə cəhd faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci əlavəsinin 19-109-cu maddəsi ilə aparılır.