Piter Stano - Gürcüstanın Rusiya istiqamətində və Rusiyadan uçuşları bərpa etmək qərarından dolayı məyusluq hissi keçiririk, bu qərar Aİ-nin yolu ilə əlaqədar narahatlıq doğurur
Rusiyanın ötən həftə hava səyahətinə qoyulan məhdudiyyəti aradan qaldırmaq qərarından sonra Gürcüstanın Rusiya istiqamətində və Rusiyadan uçuşları bərpa etmək qərarından dolayı məyusluq hissi keçiririk-bu barədə Avropa İttifaqının Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrellin mətbuat katibi Piter Stano açıqlayıb.
O, Gürcüstan hakimiyyətinin qərarının Avropa İttifaqının yolu ilə əlaqədar narahatlıq doğurduğunu bildirib.
“Rusiyanın Ukraynada qeyri-qanuni müharibəsi səbəbindən Avropa İttifaqı və bir sıra digər ölkələr Rusiyanın aviasiya sektoruna qarşı sanksiyalar tətbiq etdilər. Biz və tərəfdaşlarımız Rusiya istiqamətində, Rusiyadan və ya Rusiya ərazisi vasitəsilə hava ilə səyahətə icazə vermirik. Bu səbəbdən bunu nəzərə almaq vacibdir. Gürcüstan hakimiyyətinin son qərarı Gürcüstanın Aİ-yə gedən yolu və Gürcüstanın Aİ-Gürcüstan Assosiasiyası Sazişində yazıldığı kimi Aİ-nin xarici siyasət bəyannamələri ilə uyğunluq öhdəliyi ilə əlaqədar narahatlığa səbəb olur. Təəssüf ki, Gürcüstanın Aİ-nin xarici və təhlükəsizlik siyasəti qərarlarına və bəyannamələrinə uyğunluğu keçən ilki onsuz da aşağı olan 44%-dən builki 31%-ə enib. Bu, həqiqətən də bizi narahat edir və olduqca məyusedicidir. Keçən həftə dediklərimi bir daha xatırladacağam, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mülki Aviasiya Təşkilatı Rusiya aviasiya sektorunun və rus təyyarələrinin ümumi təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib və bunu Gürcüstan hakimiyyətinə çatdırıb” – deyə Piter Stano açıqlayıb.