Piter Stano - Aİ Lukaşenkonun Abxaziyaya səfərini qınayır, bu səfər Abxaziyanın yeganə legitim iqtidarı olan Gürcüstan hökumətinin razılığı olmadan həyata keçirilib
Avropa İttifaqı Belarus prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini qətiyyətlə qınayır və bunu beynəlxalq hüququn pozulması hesab edir.
Bu barədə Avropa Komissiyasının sözçüsü Piter Stano Brüsseldə keçirilən brifinqdə açıqlayıb.
“Lukaşenkonun bir şəxsiyyət kimi dövlət başçısı olaraq fəaliyyət göstərməyə heç bir legitimliyinin olmamasına baxmayaraq, Avropa İttifaqı Aleksandr Lukaşenkonun Gürcüstanın separatçı bölgəsi olan Abxaziyaya səfərini sərt şəkildə qınayır . Bu səfər Abxaziyanın yeganə legitim iqtidarı olan Gürcüstan hökumətinin razılığı olmadan həyata keçirilib. Beləliklə, bu səfər Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozur və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Əlavə edə biləcəyim yeganə şey odur ki, Avropa İttifaqının Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə qəti və güclü dəstəyini təsdiq edə bilərəm” – deyə Piter Stano açıqlayıb.
Məlum olduğu üzrə, Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 28-də işğal olunmuş Abxaziyaya səfər edərək işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjania ilə görüşüb.
Gürcüstan Xarici İşlər Nazirliyi Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfəri ilə əlaqədar Belarus tərəfindən əlavə izahat tələb edib və Belarusun Gürcüstandakı səfiri Anatoli Lisi etiraz əlaməti olaraq Xarici İşlər Nazirliyinə çağırılıb.