Pit Heqset – 11 sentyabr Amerikanın ən qaranlıq günlərindən biridir, amma şər qalib gələ bilmədi
11 sentyabr Amerikanın ən qaranlıq günlərindən biridir, amma şər qalib gələ bilmədi, – bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset, 2001-ci il 11 sentyabr terror hücumlarının 25-ci ildönümü ilə bağlı Pentaqonda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, terror aktı amerikalılarda böyük bir travma buraxıb və bu gün belə, onlar təyyarə səsi eşidəndə, həmin hücumu xatırlayırlar. Heqset həmçinin bildirib ki, şər heç vaxt qalib gələ bilməyəcək.
“Bu məkrli və qorxaqca hücumlar Amerikanı elə dəyişdi ki, həmin gündən bəri hətta təyyarələrin səsi belə insanı dərindən sarsıdır. Lakin Amerika o qorxaqların ümid etdiyi şəkildə dəyişmədi; əksinə, onların hücumları milyonlarla insanı irəli getməyə sövq etdi. 2001-ci il 11 sentyabr Amerika tarixində ən qaranlıq günlərdən biri idi, lakin son söz şər qüvvələrə məxsus deyil. bu, nə keçmişdə belə olub, nə də gələcəkdə belə olacaq”, – deyə Heqset bildirib.
Bununla yanaşı, Heqset qeyd edib ki, 11 sentyabr hücumlarından sonra Birləşmiş Ştatlarda hərbi xidmətə qoşulanların sayı əhəmiyyətli dərəcədə artıb.
“Biz xaricdəki müharibələrdə vuruşurduq; bu, fədakarlıq, cəsarət, təmənnasızlıq və mətanət nəsli idi. Hərçənd bu münaqişələr qüsursuz olmasa da, onlar bizim cavab reaksiyamız, bizim qisasımız idi”.
Heqset həmçinin ABŞ üçün „islamçı təhlükə“ adlandırdığı məsələni də dəfələrlə xatırladıb — onun sözlərinə görə, bu mübarizə bugün də davam edir.
“Hələ də bizə qarşı nifrətlə hərəkət edən düşmənlər mövcuddur. Düşmənlər hər gün bizim gücümüzü zəiflətməyi və vətəndaşlarımızı qətlə yetirməyi planlaşdırırlar; onların arasında həm xaricdə, həm də ölkə daxilində fəaliyyət göstərən islamçı terrorçular var, lakin biz, xüsusilə də burada, daim ayıq-sayığıq. Son altı ay ərzində biz dünyada terrorizmin ən aktiv dövlət sponsorunu məhv etdik. Bizim döyüşçülərimiz demək olar ki, yarım əsrdir bizi məhv etmək istəyən islam teokratiyasına qarşı vuruşurdular”, – deyə Heqset qeyd edib.