Peter Siyarto - Biz Orta Dəhlizin daşıma qabiliyyətinin artırılmasına töhfə vermək istərdik, bu baxımdan Azərbaycan, Gürcüstan və Rumıniya ilə nümunəvi əməkdaşlığımız var
Macarıstanın xarici işlər naziri Peter Siyartonun bəyanatlarına görə, Budapeşt Orta Dəhlizin inkişafında maraqlıdır. O, bu barədə Azərbaycan mətbuatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bununla bağlı “Orta Yaşıl Dəhliz” çərçivəsində Macarıstan Azərbaycan, Gürcüstan və Rumıniya ilə əməkdaşlıq edir.
“Çin hazırda Macarıstan iqtisadiyyatı üçün ikinci ən böyük idxal mənbəyidir. Macarıstan Mərkəzi Avropada Çin investisiyalarına görə bir nömrəli ölkədir. Biz regiondan getdikcə daha çox enerji resursları, o cümlədən Qazaxıstandan neft və Azərbaycandan təbii qaz alırıq. Ona görə də biz Asiya ilə Avropa arasında marşrutların tutumunun artırılmasında tamamilə maraqlıyıq. Bu o deməkdir ki, istər nəqliyyat marşrutu, istər dəmir yolu, istərsə də elektrik enerjisi və təbii qazın nəqli olsun, biz Orta Dəhlizin daşıma qabiliyyətinin artırılmasına töhfə vermək istərdik. Bu baxımdan Xəzər regionundan Mərkəzi Avropaya “yaşıl enerji” nəqlini nəzərdə tutan “Orta Yaşıl Dəhliz” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Rumıniya ilə nümunəvi əməkdaşlığımız var”, – deyə Macarıstan Xarici İşlər Naziri bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev