Pentaqonun nümayəndəsi- Rusiya Ukraynaya 600-dən çox raket atıb və ölkə sərhədinə səfərbər etdiyi qoşunlarının 95 faizini ölkənin daxilinə yönləndirib
Rusiya Ukraynaya 600-dən çox raket atıb və ölkə sərhədinə səfərbər etdiyi qoşunlarının 95 faizini ölkənin daxilinə yönləndirib-bu barədə telefon konfransı zamanı adı açıqlanmayan Pentaqonun yüksək rəsmisi bildirib.
“Rusiya və Belarusda Ukrayna sərhədi boyunca yerləşdirilən təxminən 170 min əsgərin təqribən 95 faizi hazırda Ukraynadadır”-deyə amerikalı yüksək rütbəli hərbi rəsmi bildirib.
Pentaqonun verdiyi məlumata görə, onlar rus qoşunlarının əhəmiyyətli irəliləyişini hiss etməyiblər və Kiyev yaxınlığındakı 64 kilometrlik karvan hələ də hərəkətsiz vəziyyətdədir.
ABŞ Müdafiə Nazirliyi Rusiya Hərbi Dəniz Qüvvələri desantının Odessaya eniş əlamətlərinin olmadığını, Rusiya Hərbi Hava Qüvvələrinin hələ də Ukrayna hava məkanına nəzarət edə bilmədiyini, hər iki tərəfin döyüş təyyarələri, helikopterlər və hava hücumundan müdafiə sistemlərindən itkilər verdiyini bildirib.