Pedro Sançes - Qərbi Balkanlara, Ukraynaya, Moldovaya və Gürcüstana qapı açdığımız üçün şadam
İspaniyanın Baş naziri Pedro Sançes Davosda keçirilən panel müzakirəsində Avropa İttifaqının gələcəyi və ittifaqın genişlənməsi barədə danışıb.
Sançes qeyd edib ki, 2023-cü ilin ikinci yarısında Avropa İttifaqı Şurasına prezidentliyi dövründə İspaniya üzvlüklə bağlı danışıqlar prosesinə başlayıb.
“İspaniyanın prezidentliyi dövründə biz Ukrayna, Moldova, Qərbi Balkanlarla üzvlük danışıqlarına başladıq. Bu genişlənmə qərarların yekdilliklə qəbul edilməsindən səs çoxluğuna qədər institutlarımızda və qərar qəbuletmə proseslərində islahat tələb edir, lakin alətlər bunlardır. Ən əsası isə yaxın illərdə şahidi olacağımız geosiyasi dəyişikliklərdir. Hesab edirəm ki, bu, yaxşıdır və həm də qısa və ortamüddətli perspektivdə Avropanın şərq hissəsində vəziyyəti sabitləşdirəcək.
Yaxın illərdə Avropada nələrin baş verəcəyi ilə bağlı müsbət proqnozum var. Biz son 4-5 ildə yaşadığımız böhrandan – pandemiyadan, təkcə pandemiyadan deyil, Ukraynadakı müharibədən çox şey öyrəndik. İndi biz daha federal və daha inteqrasiya olunmuş Avropa İttifaqının şahidi olacağıq. Mən şadam ki, biz Qərbi Balkanlara, eləcə də Ukrayna, Moldova və Gürcüstana qapı açmışıq”, – deyə Pedro Sançes bildirib.