Paytaxta 10 ədəd 18 metrlik avtobus gətirilib və 100 ədəd isə ilin sonuna qədər mərhələli şəkildə əlavə olunacaq- bu haqda Tbilisinin meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında deyib.
O, gələn ilin sonunadək paytaxta əlavə olaraq 40 ədəd 18 metrlik avtobusun gətiriləcəyini bildirib.
“Paytaxtda davam edən nəqliyyat islahatı çərçivəsində birinci mərhələdə 160 ədəd 18 metrlik avtobus aldıq. Daha sonra 40 ədəd əlavə etdik. Artıq şəhərdə müxtəlif marşrutlar üzrə 50 ədəd avtobus hərəkət edir. Sözügedən satınalma çərçivəsində paytaxta daha 10 ədəd 18 metrlik avtobus gətirilib və 100 ədəd isə ilin sonunadək mərhələli şəkildə çatdırılacaq. Gələn ilin sonunadək artıq alınmış 40 avtobus paytaxta əlavə olunacaq” – deyə Kaxa Kaladze bildirib.
Tbilisi merinin izahına əsasən, bu avtobuslar sərnişinlərin rahat və təhlükəsiz daşınmasını tam təmin edir.
“Sıxılmış təbii qazla (CNG) işləyən 18 metrlik avtobuslar 43-ü oturacaq olmaqla 162 sərnişin üçün nəzərdə tutulub. Avtobuslar məhdud imkanlı şəxslər üçün tam uyğunlaşdırılıb: əlil arabasının təhlükəsiz yerləşdirilməsi üçün salonda xüsusi yer ayrılıb, həmçinin açılan pandusu var; Tbilisinin iqlim şəraiti üçün nəzərdə tutulmuş müasir standarta cavab verən istilik, kondisioner və inteqrasiya olunmuş ventilyasiya sistemi quraşdırılıb. Avtobuslar audioinformasiya, eləcə də daxili və xarici video monitorinq, idarəetmə və digər müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub”- Kaladze qeyd edib.
Paytaxtın merinin sözlərinə əsasən, statistika göstərir ki, munisipalitet nəqliyyatından istifadə edənlərin sayı artıb və bu tendensiya gələcəkdə də davam edəcək.
“Məqsədimiz ictimai nəqliyyatdan istifadəni mümkün qədər artırmaqdır. Statistikaya əsasən, istehlak artıb, amma nəticələri artırmaq üçün resurslarımız var. 2017-ci ildə biz nəqliyyat siyasəti üzərində işləməyə başlayanda ictimai nəqliyyatdan istifadə göstəricisi azalmışdı. Bunun səbəbi avtobus və mikroavtobusların ağır vəziyyətdə olması idi. Müvafiq olaraq avtobusları yenilədik, Avropa tipli avtobuslar gətirdik. Bu proses bu gün də davam edir”- deyə Kaxa Kaladze açıqlayıb.