Pavel Herçinski - Mən şadam ki, hökumət çox tez hərəkət etdi və 9 addımlıq fəaliyyət planını Brüsselə göndərdi, Avropa Komissiyası planı nəzərdən keçirəcək və rəy bildirəcək
Düz iki həftədən sonra, dekabrın 14-15-də Avropa İttifaqının liderləri, 27 ölkənin prezidentləri və baş nazirləri Brüsseldə görüşəcək və genişlənmə paketi ilə bağlı qərar verəcəklər, söhbət Avropa İttifaqına qoşulmağa can atan 10 ölkədən gedir. Bu paketə ilk dəfə Gürcüstan da daxildir, bu, mənim üçün xüsusi emosional məqamdır, – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
Səfirin sözlərinə görə, Gürcüstanın Avropa İttifaqına namizəd ölkə statusu alması üçün hamının birləşməsi və birgə çalışması vacibdir.
“Bildiyimiz kimi, noyabrın 8-də Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı 27 dövlətə müsbət tövsiyə verib. Mən ürəkdən ümid edirəm ki, 27 dövlət Avropa İttifaqının bu müsbət tövsiyəsini nəzərə alacaq, baxmayaraq ki, biz bu qərarı bilənə qədər daha iki həftə gözləməli, səbrli və ümidli olmalıyıq. Çox işlər görülüb, təbii ki, daha çox işlər görülə bilərdi. Biz olduğumuz yerdəyik. Son günlər də islahatların aparılması üçün bir çox yeni təşəbbüslər irəli sürülüb. Gürcüstanın Avropa İttifaqına tamhüquqlu üzv olması üçün islahatlar və növbəti addımlar lazımdır. Mən şadam ki, hökumət çox cəld hərəkət etdi və bir neçə gün əvvəl 9 addımdan ibarət fəaliyyət planını Brüsselə göndərdi. Avropa Komissiyasındakı həmkarlarım bu fəaliyyət planını nəzərdən keçirəcək və rəy bildirəcəklər. Hökumətdən inklüzivlik və müxalifətdən konstruktiv yanaşma tələb edən bu 9 addımı tamamlamaq üçün hamı birlikdə çalışmalıdır”, – Herçinski bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev