Pavel Herçinski - Avropa Komissiyasının Gürcüstana statusun verilməsi ilə bağlı tarixi tövsiyəsi Gürcüstanın korrupsiyaya qarşı mübarizədə irəliləyişini təsdiqləyir, hələ görüləsi çox iş var
Avropa Komissiyasının Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı tarixi tövsiyəsi Gürcüstanın korrupsiyaya qarşı mübarizədə irəliləyişini təsdiqləyir, – Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü ilə bağlı videomüraciətində bildirib.
Avropa İttifaqı səfirinin qeyd etdiyinə əsasən, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi Avropa İttifaqının genişlənməsi prosesinin ən mühüm komponentidir və Gürcüstanın Avropa İttifaqına daxil olmaq yolunda atacağı 9 addımdan biridir.
“Bu gün biz BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Konvensiyasının qəbul edilməsinin 20-ci ildönümünü qeyd edirik. Bu, dünyada ilk və yeganə hüquqi qüvvəyə malik antikorrupsiya alətidir. Korrupsiya bütün ölkələrə aiddir. Bu, demokratik institutları və qanunun aliliyini sarsıdır, iqtisadi inkişafı ləngidir və qeyri-sabitliyi artırır. Korrupsiyaya Qarşı Mübarizə Gününün qeyd edilməsi bizə bu problemlərin mövcudluğunu və onların həlli üçün göstərilən səyləri xatırladır. Gürcüstan da bu səylərin bir hissəsini təşkil edir.
Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının tarixi tövsiyəsi Gürcüstanın korrupsiya ilə mübarizədə irəliləyişini təsdiqləyir. Korrupsiyaya qarşı mübarizə bürosunun yaradılması və deoliqarxizasiya üzrə tədbirlər planının hazırlanması bu irəliləyişin tərkib hissəsidir, lakin hələ görüləsi işlər çoxdur. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi Avropa İttifaqının genişlənməsi prosesinin ən mühüm komponentidir və Gürcüstanın Avropa İttifaqına daxil olması yolunda atacağı 9 addımdan biridir.
Avropa İttifaqı qanunun aliliyi prinsip və standartlarına hörmət və mühafizəni təmin etmək üçün Gürcüstanın yanındadır. Korrupsiyaya qarşı mübarizəni birlikdə davam etdirək”, – səfir bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev