Patriarxlıq - Azərbaycan hakimiyyətinin müvafiq nümayəndələrinə müraciət edirik, Kurmuxinin Müqəddəs Qiorqi kilsəsi aktiv məbədə çevrilsin və Gürcüstan Patriarxlığına müntəzəm olaraq dini mərasimlər keçirmək hüququ verilsin
Patriarxlıq - Azərbaycan hakimiyyətinin müvafiq nümayəndələrinə müraciət edirik, Kurmuxinin Müqəddəs Qiorqi kilsəsi aktiv məbədə çevrilsin və Gürcüstan Patriarxlığına müntəzəm olaraq dini mərasimlər keçirmək hüququ verilsin

 
Gürcüstan Patriarxlığı Kurmuxinin Müqəddəs Qiorqi kilsəsinin aktiv məbədə çevrilməsi və Gürcüstan Patriarxlığına müntəzəm olaraq dini mərasimlər keçirmək hüququ verilməsi üçün Azərbaycan hakimiyyətinin müvafiq nümayəndələrinə müraciət edir. Bu haqda Patriarxlığın bəyanatında qeyd olunub.

“Bir neçə gündür internet məkanında kadrları Qax Rayonunda bugünkü Azərbaycan ərazisində yerləşən Kurmuxinin Müqəddəs Qiorqi kilsəsində çəkilmiş musiqili video klip yayılıb. Kadrlarda azərbaycanlı musiqiçinin məbədin minbərində dayandığı və “Acaruli”nin melodiyası və mahnısının müşayiəti ilə elektron musiqi alətində müəyyən bəstə “ifa etdiyi” görünür.

Sözügedən fakt dərhal cəmiyyətin haqlı qəzəbinə səbəb oldu. Məlum olduğu kimi, daha sonra ifaçı bəstəni “Youtube” kanalından silib, bu videonu gürcü mədəniyyətinə və incəsənətinə olan sevgi və ehtiramını nümayiş etdirmək üçün çəkdiyini və başqa məqsəd güdmədiyini bildirib. O, bu səhvi ən qısa zamanda düzəldəcəyini də əlavə edib. Lakin, klipdən fraqmentlər hələ də müxtəlif internet platformalarında tapılır.

Təəssüf ki, bu fakt Heretidə yerləşən gürcü müqəddəsliyinə – Kurmuxinin Müqəddəs Qiorqi kilsəsinə belə hörmətsiz yanaşılmasının və ayrıca guya mədəni-bədii kampaniya üçün istifadə etmələrinin ilk halı deyil.

Gürcüstan Patriarxlığı bütün oxşar hallara öz mənfi münasibətini və narahatlığını ifadə edib. Bu dəfə də qeyd olunan faktla bağlı ürək ağrımızı bildiririk. Kurmuxi məbədi böyük əhəmiyyət kəsb edən məbəddir. Bu müqəddəslik təkcə ortodokslar tərəfindən deyil, müsəlmanlar tərəfindən də tanınır. Bundan əlavə, ona Azərbaycan hakimiyyəti tərəfindən tarix və mədəniyyət abidəsi statusu verilmişdir. Ona görə də bu məbəddə belə uyğunsuz və təhqiramiz hərəkətlərin baş verməsi daha da anlaşılmaz və çox üzücüdür.

Biz Azərbaycan hakimiyyətinə müraciət edirik və ruhani lider, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Zati-aliləri Şeyxülislam Allahşükür Paşazadədən vaxtında faktların araşdırılmasını və mövcud halların gələcəkdə aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini xahiş edirik.

Ümid edirik ki, ölkələrimiz və dini liderlər arasında mövcud dostluq münasibəti oxşar hörmətsiz halların vaxtında düzəldilməsi üçün ilkin şərt olacaq və aidiyyəti qurumların və şəxslərin müvafiq reaksiyası nəticəsində cavabsız qalmayacaq.

Və sonda, oxşar hallar Azərbaycan ərazisindəki gürcü kilsə-monastırlarının ilkin təyinatının bərpasının nə qədər vacib olduğunu bir daha sübut edir. Ona görə də Azərbaycan hakimiyyətinin müvafiq nümayəndələrinə müraciət edirik, Kurmuxinin Müqəddəs Qiorqi kilsəsi aktiv məbədə çevrilsin və Gürcüstan Patriarxlığına müntəzəm olaraq dini mərasimlər keçirmək hüququ verilsin, çünki yuxarıda qeyd olunan fakt ilk dəfə baş vermir və biz daima gərginliyə, ictimaiyyətin haqlı qəzəbinə və dini hisslərin tapdalanmasına səbəb olan problemlə qarşılaşırıq” – Patriarxlığın bəyanatında deyilir.