Parlamentin plenar iclasında Tamaz Qinturinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Gürcüstan parlamentinin plenar iclasında Tamaz Qinturinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, 2008-ci il müharibəsinin veteranı Tamaz Qinturinin işğalçı qüvvələr tərəfindən öldürülməsi bir daha bizə göstərdi ki, ölkəmizin üzərində əsas yük ərazi bütövlüyümüzə qəsd və işğaldır.
“Vətəndaşlarımızın həyat və sağlamlığı işğala qurban gedir və bizə göstərir ki, ölkəmiz və hər bir gürcü üçün əsas milli vəzifə işğala son qoymaq və ərazi bütövlüyünü bərpa etmək olmalıdır. Xahiş edirəm, Tamaz Qinturinin xatirəsini bir dəqiqəlik sükutla yad edək” – Şalva Papuaşvili açıqlayıb.
Gürcüstan vətəndaşı Tamaz Qinturi noyabrın 6-da Rusiya işğalçı qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişib. Noyabrın 6-da Qinturinin qətli ilə bağlı Gürcüstanın mərkəzi hakimiyyətinin tələbi ilə Erqnetidə görüş təyin edilib. Tamaz Qinturi noyabrın 11-də hərbi qaydada dəfn edilib.