Parlamentin Gender Bərabərliyi Şurası 8 Mart ilə bağlı bəyanat yayır
Gürcüstan Parlamentinin Gender Bərabərliyi Şurası Beynəlxalq Qadınlar Günü ilə bağlı bəyanat yayır.
“Gender Bərabərliyi üzrə Daimi Parlament Şurası 8 Mart Beynəlxalq Qadınlar Gününə münasibət bildirir və qadınların tarixi ayı boyunca onların gücləndirilməsi, məlumatlılığın və fərqindəliyin yüksəldilməsini təşviq edən tədbirlər planlaşdırır.
Yaxın keçmişə nəzər salsaq, bu, bir tərəfdən fəaliyyətimizin uğurlu nəticələrini yekunlaşdırmaq üçün imkanımızın olduğu, digər tərəfdən isə həm şuraya, həm də ictimaiyyətə əsaslı bərabərliyə nail olmaq üçün hələ çox işin görülməsini yada salmaq günüdür.
Gender Bərabərliyi üzrə Daimi Şura 20 illik fəaliyyəti ərzində qanunvericilik səviyyəsində qadınlar və kişilər arasında bərabərlik siyasətinin tətbiqinə yardım edir. Vaxt keçdikcə bir çox insanın səyi və fədakar əməyi ilə şura funksional və hüquqi dəyişikliklərə məruz qalmış, bu da onu bu gün gender bərabərliyi məsələləri ilə məşğul olan ən mühüm struktura çevirmişdir, belə ki, onun ölkənin inkişafında və ictimaiyyətdə fərqindəliyin yüksəldilməsi işində rolu əsasdır. Məhz bu məsuliyyətlə və şuranın rolunun artması əsasında əsaslı və fundamental dəyişikliklərə nail olmaq mümkün oldu ki, biz bununla fəxr edirik və Avropa seçimimizə yaxınlaşırıq.
Bizim şura üçün prioritet femisidə, zorakılığın bütün formalarına və erkən nikahlara qarşı mübarizə, qadınların iqtisadi baxımdan gücləndirilməsi, qadınların siyasi təmsilçiliyinin təşviqi və munisipal gender şuraları ilə aktiv əlaqələndirmədir. Səssiz qalmamağımız, barışmamağımız və hələ də qarşılaşdığımız bərabərsizliklərə qarşı birlikdə dayanmağımız vacibdir.
Qadınların və qızların daha yaxşı gələcəyi üçün mübarizə aparan hər kəsə xüsusi təşəkkürümüzü bildirmək istərdik. Biz inanırıq ki, məhz birgə səylər və əmək sayəsində böyük dəyişikliklərə nail olmaq olar.
Gender Bərabərliyi üzrə Daimi Şura faydalı təşəbbüslərə və əməkdaşlığa açıqdır. Eyni zamanda, uzunmüddətli məqsədlərə və əsas bərabərliyə nail olmaq üçün fəaliyyətini davam etdirir” – bəyanatda qeyd olunub.