Parlament "Yerli Özünüidarəetmə Məcəlləsi"ndəki dəyişiklikləri sürətləndirilmiş qaydada müzakirə edir
Parlament "Yerli Özünüidarəetmə Məcəlləsi"ndəki dəyişiklikləri sürətləndirilmiş qaydada müzakirə edir

 

Parlamentin üzvləri Kaxa Kaxişvili, Viktor Caparidze, Anton Obolaşvili və İrma Zavradaşvilinin qanunvericilik təşəbbüsü ilə “Yerli Özünüidarəetmə Məcəlləsi”nə dəyişikliklər layihəsi hazırlanıb.

Regional Siyasət və Özünüidarəetmə Komitəsinin iclasında, komitənin sədri Kaxa Kaxişvili birinci oxunuşda qanunvericilik təşəbbüsü barədə danışıb. Məruzəçi tərəfindən verilən məlumatda bildirilir ki, “Yerli Özünüidarəetmə Məcəlləsi”nə edilən dəyişikliklərlə funksiyalar yerli munisipalitetlər sakrebulo bürosu, sakrebulo sədri və sakrebulo iclası arasında bölüşdürüləcək. O, dəyişiklikliyin mer vəzifəsinə seçilmək üçün müəyyən edilmiş yaş həddinə də şamil ediləcəyini və onun 25 yaş müəyyən ediləcəyini bildirib.

“Dəyişikliyin növbəti hissəsi mer və sakrebulonun səlahiyyətlərinə xitam verilməsi ilə bağlıdır. Mövcud redaksiyaya əsasən, təqvim ilinin başlamasından üç ay ərzində merin təqdim etdiyi büdcə sakrebulo tərəfindən təsdiq edilməzsə, onların hər ikisinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir. Biz nümunələr axtardıq və heç bir Avropa ölkəsində analoji model yoxdur. Ölkə miqyasında da belədir – parlament Baş nazirin büdcəsini təsdiq etməsə, heç bir səlahiyyətə xitam verilmir. Bundan irəli gələrək, fikrimizcə, özünüidarəetmə baxımından yazılan məsələyə düzəliş edilməsinə ehtiyac var” – deyə komitə sədri açıqlayıb.

Komitənin iclasında təqdim olunan dəyişikliklərlə bağlı müzakirə keçirilib.

Komitənin müxalifətdən olan təmsilçiləri büdcənin təsdiqlənməyəcəyi təqdirdə sakrebulonun buraxılması ilə bağlı qərara etiraz edərək qanunvericilik dəyişikliklərinə siyasi qiymət veriblər.

Kaxa Kaxişvili bildirib ki, qanun layihəsini ikinci oxunuşda təqdim etməzdən əvvəl maraqlı tərəflərlə əlavə məsləhətləşmələr aparılacaq, məcəlləyə ediləcək düzəlişlər dəqiqləşdiriləcək.

Komitə məsələni müzakirə etdikdən sonra iclasda müzakirə olunan qanunvericilik təşəbbüsünün lehinə səs verib və məsələnin plenar iclasa birinci oxunuşda çıxarılmasını dəstəkləyib.

Gürcüstanın Üzvi Qanununda “Yerli Özünüidarəetmə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini və ondan irəli gələn “Gürcüstanın Büdcə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini parlament sürətləndirilmiş qaydada müzakirə edəcək.