Parlament "Seçki Məcəlləsi"nə dəyişikliklərə prezidentin qoyduğu vetonu aşıb
Parlament "Seçki Məcəlləsi"nə dəyişikliklərə prezidentin qoyduğu vetonu aşıb

 
Parlament prezident Salome Zurabişvilinin “Seçki Məcəlləsi”nə dəyişikliklərlə bağlı təqdim etdiyi əsaslandırılmış iradları ilə razılaşmayıb. 21 deputat iradları dəstəkləyib, 61 deputat əleyhinə səs verib.

Həmçinin “Seçki Məcəlləsi”nə dəyişikliklərin ilkin variantı səsə qoyulub və parlament 13 əleyhinə 78 səslə ilkin variantı dəstəkləyib.

Prezidentin əsaslandırılmış iradları ilə bağlı bugünkü plenar iclasda müzakirə keçirilib, sonra isə məsələ səsə qoyulub. 116 deputat qeydiyyatdan keçib.

Fevralın 20-də parlament “Gürcüstanın Seçki Məcəlləsi”nə dəyişiklikləri qəbul edib. Salome Zurabişvili isə martın 5-də dəyişikliklərə veto qoyub.

Dəyişikliklər MSK sədrinə və peşəkar üzvlərin seçilməsi qaydası və kvoruma aiddir. Belə ki, onların seçilməsi prosesində 3/5 səs kvorumu tətbiq edilir. Dəyişikliklər MSK sədrinin və üzvlərinin üç mərhələdə seçilməsi prosesini nəzərdə tutur. İlk səsvermədə 90 səs tələb olunacaq, 90 səs təmin edilə bilmədikdə 76 səslə seçiləcəklər. Təqdim olunmuş namizədlər iki dəfə 76 səslə dəstək ala biləcəklər, bundan sonra da 76 səslə seçilən namizəd 5 il müddətində səlahiyyətlərini icra edəcək. Parlamentdə 76 dəstək səsi toplana bilmədikdə və parlament namizədləri heç bir səsvermə nəticəsində seçə bilmədikdə, məsələ qərar qəbul edilməsi üçün prezidentə ötürüləcək. Dəyişikliyə əsasən, iştirakçıların siyahısı və sənədlər səsvermədən bir həftə sonra prezidentə göndəriləcək. Prezident həmin siyahı və sənədləri aldıqdan sonra bir həftə ərzində siyahıya daxil edilmiş şəxslər arasından namizədləri beş il müddətinə təyin etmək səlahiyyətinə malik olacaq.

Seçki qanunvericiliyinə və parlamentin reqlamentinə edilən dəyişikliklər qüvvədə qalır, buna əsasən parlamentin sədri prezident əvəzinə namizədlərin seçilməsi müsabiqəsini elan edəcək, MSK sədri və üzvlərinin namizədliyini parlament sədri parlamentə təqdim edəcək. Qanun layihəsinə əsasən, MSK-nın partiya üzvlərindən müxalifət kvotası ilə təyin olunmuş MSK sədrinin müavini vəzifəsi ləğv edilir.