Parlament payız sessiyası çərçivəsində sentyabrın 6-dan fəaliyyətə başlayacaq
Parlament payız sessiyası çərçivəsində sentyabrın 6-dan fəaliyyətə başlayacaq. Nizamnaməyə əsasən payız sessiyası sentyabrın ilk çərşənbə axşamı açılır.
Payız sessiyası böyük ehtimalla plenar iclasla açılacaq və 6-9 sentyabr həftəsində plenar iclaslar çağırılacaq.
Qanunverici orqanda təxminən 10-a yaxın işçi qrupunun Avropa Komissiyasının 12 tövsiyəsinin icrası üzərində işlədiyini və onlar tərəfindən hazırlanmış qanunlayihələrin təşəbbüsünün qaldırılmasının və müzakirəsinin məhz sentyabr ayından başlayacağını nəzərə alarsaq, 10-cu çağırış parlamentinin budəfəki payız sessiyası kifayət qədər yüklənmə rejimində fəaliyyət göstərəsi olacaq. Parlament bəzi kadr qərarları da verməli olacaq, o cümlədən MSK sədri və MSK üzvləri seçiləsidir. Prezident Salome Zurabişvili MSK sədri vəzifəsinə Tamar Alpaidze və Revaz Eqadzenin namizədliyini parlamentə təqdim edib.
Hakim komandanın yuxarıda qeyd olunan namizədləri dəstəkləmək niyyətində olmadığı artıq məlumdur və onlar buna səbəb kimi Qiorqi Kalandarişvilinin namizədliyinin təqdim edilməməsini göstərirlər. Prosedura əsasən, MSK sədrinin seçilməsi iki səsvermə yolu ilə həyata keçirilir. Birinci halda 100, ikinci halda 76 səsə ehtiyac var. Adıçəkilən namizədlər səsvermədə uğursuz olsalar, proses yenidən başlayacaq.
Yuxarıda qeyd olunanlarla yanaşı, payız sessiyasında Xalq Müdafiəçisi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq daxil olmaqla bir neçə qurumun illik hesabatı dinləniləsidir. Qanunverici orqan, oktyabrın 1-dək parlamentə təqdim edilməli və dekabrın üçüncü cümə gününə qədər təsdiq edilməli olan 2023-cü ilin büdcə layihəsini müzakirə edəsidir.
Nizamnaməyə əsasən, parlament payız sessiyasını dekabrın üçüncü cümə günü bağlayır.