Parlament nümayəndə heyəti Stokholmda NATO Parlament Assambleyasının təşkil etdiyi “Rose-Roth” seminarında iştirak edir
Oktyabrın 23-24-də İsveç Krallığının paytaxtı Stokholmda NATO Parlament Assambleyasının təşkilatçılığı ilə 104-cü “Rose-Roth” seminarı – “Risk altında olan tərəfdaşların dəstəklənməsi: sabitliyin layihələndirilməsi, təhlükəsizliyin gücləndirilməsi və Avro-Atlantik inteqrasiyanın inkişafı” – keçiriləcək.
Tədbirdə Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Beraya və parlament üzvləri Xatiya Tsilosani, Qiorqi Çakvetadze və Teona Akubardiyadan ibarət nümayəndə heyəti iştirak edir.
Seminar çərçivəsində aşağıdakı məsələlər müzakirə olunacaq: İsveçin NATO-ya töhfəsi və tərəfdaşların dəstəyi; Ukraynanın azadlıq və təhlükəsizlik uğrunda mübarizəsi; Gürcüstanın Avro-Atlantik yolu; İsveçin hibrid təhdidlərə qarşı mübarizədə dayanıqlılığı və s. haqqında təcrübə mübadiləsi.
NATO Parlament Assambleyasının tədbirində alyansa üzv və tərəfdaş dövlətlərin qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri, NATO-nun yüksək rütbəli hərbi rəsmiləri iştirak edirlər.
Bu barədə məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.