Parlament nümayəndə heyəti Baltik Assambleyasının sessiyasında iştirak edib
Parlament nümayəndə heyəti Baltik Assambleyasının sessiyasında iştirak edib

 

Oktyabrın 27-28-də Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Qiorqi Xelaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Riqada Baltik Assambleyasının 41-ci sessiyasında iştirak edib.

Parlament nümayəndə heyətinin rəhbəri assambleyanın sessiya iştirakçıları qarşısında çıxış edərək Gürcüstanın Ukraynaya verdiyi dəstəkdən, Gürcüstanın işğal olunmuş ərazilərində yaranmış vəziyyətdən, Rusiyanın Gürcüstana qarşı apardığı təcavüzkar hərəkətlərdən danışıb. Q.Xelaşvili çıxışında Gürcüstan, Avropa İttifaqı və NATO-nun regionda sülhün təşviqini təmin etmək, Gürcüstanın Avropa və Avro-Atlantik istəklərini dəstəkləmək üçün birgə səylərini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri Gürcüstana güclü dəstəyə görə Baltikyanı ölkələrin qanunvericilərinə və ölkələrin xalqına təşəkkür edib.

Səfər çərçivəsində Qiorqi Xelaşvili Latviya Respublikası Seyminin (parlament) vitse-spikeri və Gürcüstanla parlament qrupunun rəhbəri ilə ikitərəfli görüş keçirib.

Görüşdə tərəflər regiondakı geosiyasi çağırışlar, Rusiyanın Ukraynaya təcavüzü və təhlükəsizlik məsələlərindən danışıblar. Tərəflər, həmçinin ölkələr arasında parlament əməkdaşlığının dinamikasını və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Riqaya səfəri zamanı Qiorqi Xelaşvili Latviya televiziyasına müsahibə verib və Rusiyanın təcavüzünün regiona təsiri, Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyət, Ukrayna-Gürcüstan münasibətləri, Gürcüstanın Avropa və Avro-Atlantik perspektivindən danışıb.

Baltikyanı parlamentin sessiyasında Latviya, Litva, Estoniya, Monteneqro, Polşa və İslandiya parlamentlərinin sədrləri və Ukrayna Radasının vitse-spikeri, həmçinin ATƏT Parlament Assambleyasının prezidenti və Avropa Parlamentinin vitse-prezidenti iştirak edib.

Parlament nümayəndə heyətinin tərkibində Qiorqi Xelaşvili ilə yanaşı, Gürcüstan parlamentinin üzvləri İrakli Zarkua və Aleksandre Elisaşvili də var.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.