Parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda dəstəkləyib
Parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda dəstəkləyib

 

Parlamentin bugünkü plenar iclasında “Xalqın Gücü” hərəkatının təşəbbüsü ilə hazırlanan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi birinci oxunuşda səsverməyə qoyulub.

Parlamentin 113 üzvü qeydiyyatdan keçib, 76 deputat qanun layihəsini dəstəkləyib, 13 deputat isə əleyhinə səs verib.

Parlamentin sədri Şalva Papuaşvilinin qeyd etdiyi kimi, qanun layihəsi Venesiya Komissiyasına göndəriləcək və rəy üç ay çəkəcək.

Məlumat üçün bildirək ki, “Xalqın Gücü” tərəfindən təşəbbüsü irəli sürülən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi gəlirlərinin müəyyən həcmi, 20%-dən çoxu xaricdən əldə edilən sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan (qeyri-kommersiya) hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin xarici təsir agenti kimi qeydiyyata alınmasını nəzərdə tutur. Qanun layihəsinə əsasən, xarici təsir agenti hesab edilən hər bir şəxs dövlət reyestrində məcburi qaydada eyni adlı məlumat bazasında qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı alınan gəlirin təsvir edilməsi zəruri olacaq. Eyni zamanda, təşkilatların hər il maliyyə bəyannaməsini doldurmaq öhdəliyi olacaq. Sözügedən qanun layihəsi Ədliyyə Nazirliyinə xarici təsir agentinin müəyyən edilməsi məqsədilə istənilən vaxt tədqiqat aparmaq, məsələni öyrənmək-monitorinq aparmaq səlahiyyəti verir. Layihəyə əsasən, monitorinqin başlanması üçün Ədliyyə Nazirliyinin müvafiq səlahiyyətli şəxsinin qərarı və konkret xarici təsir agenti ilə bağlı müvafiq işarətləri əks etdirən Ədliyyə Nazirliyinə təqdim edilmiş yazılı ərizə əsas olacaq. Xarici təsir agenti kimi qeydiyyatdan yayınmaq və ya bəyannaməni doldurmamaq təşkilatın 25 min lari məbləğində cərimələnməsi ilə nəticələnəcək.