Gürcüstan Parlamenti İctimai Yayımçının Qəyyumlar Şurasında mövcud vakant vəzifələrə üç üzv seçib.
Deputatlar İzabela Osipova, Soso Sturua və Qiorqi İakobaşvilinin namizədliyini təsdiqləyiblər.
İzabela Osipovanın namizədliyi xalq müdafiəçisinin kvotası ilə, Soso Sturuanın namizədliyi Acaranın Ali Şurasının kvotası ilə, Qiorqi İakobaşvilinin namizədliyi isə parlament çoxluğunun kvotası ilə təqdim olunmuşdu.
Mayın 20-də İctimai Yayımçının Qəyyumlar Şurasına namizədlərin seçilməsi üçün açıq müsabiqə elan olunub. Parlamentin Müsabiqə Komissiyası ümumilikdə 11 namizəd seçib, bundan sonra da kvotalara müvafiq olaraq xalq müdafiəçisi, Acaranın Ali Şurası və parlament çoxluğu tərəfindən qeyd olunan siyahıdan namizədlər seçilərək parlamentə təqdim edilib.
İctimai Yayımçının Qəyyumlar Şurası 11 üzvdən – qəyyumdan ibarətdir. Gürcüstan Parlamenti reqlamentlə müəyyən edilmiş qayda əsasında, iki qəyyumu Gürcüstanın xalq müdafiəçisinin təqdimatı ilə, üç qəyyumu parlament çoxluğuna daxil olan fraksiya/fraksiyaların təqdimatı ilə, üç qəyyumu parlament müxalifətinə daxil olan və ən çox parlament üzvünün birləşdiyi fraksiyaların təqdimatı ilə, üç qəyyumu isə Acara Muxtar Respublikasının Ali Şurasının təqdimatı ilə seçir.