Parlament Gürcüstanın Vahid Avropa Ödəniş Zonasına qoşulması üçün zəruri olan qanunvericilik paketlərini üçüncü oxunuşda qəbul edib
Parlament Gürcüstanın Vahid Avropa Ödəniş Zonasına qoşulması üçün zəruri olan qanunvericilik paketlərini üçüncü oxunuşda qəbul edib

 
Parlament Gürcüstanın Vahid Avropa Ödəniş Zonasına qoşulması üçün zəruri olan qanunvericilik paketlərini üçüncü oxunuşda qəbul edib.

Gürcüstan hökumətinin təşəbbüsü və Milli Bankın iştirakı ilə hazırlanmış 3 qanunvericilik paketi “Gürcüstanın Milli Bankı haqqında” Gürcüstanın üzvi qanununa düzəlişlər edilməsi haqqında”,
“Kommersiya banklarının fəaliyyəti haqqında” Gürcüstanın qanununa dəyişikliklərin edilməsi haqqında” və “Ödəniş sistemi və ödəniş xidmətləri haqqında” Gürcüstanın qanununa dəyişikliklər haqqında” qanunlayihələri və onlara əsaslanmış qanunvericilik dəyişikliklərini əhatə edir. 1700 səhifəlik qanunvericilik paketi 21 qanunda dəyişikliklərin həyata keçirilməsini nəzərdə tutur.

İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareişvili parlament üzvlərinə qanun layihələrini və onlara əsaslanan dəyişiklikləri təqdim edib.

Qanun layihələri paketi ilə hazırlanmış dəyişikliklər SEPA-ya qoşulmaq üçün zəruri ilkin şərtdir. Qanun layihələri paketi SEPA-ya qoşulmaq istəyən ölkənin yerinə yetirməli olduğu standartları və qaydaları ehtiva edir.

Dəyişikliklər nəticəsində Gürcüstanda bizneslə məşğul olan maliyyə institutlarına eyni şərtlər, tariflər və tənzimləyici çərçivə ilə avroda fəaliyyət göstərməyə icazə veriləcək. Qanunvericiliyə edilən dəyişikliklər həm vətəndaşlara, həm də biznesə ciddi üstünlüklər verəcək və xarici investisiyaların axınına təkan verəcək.

Gürcüstanın SEPA-ya qoşulması üçün hazırlanmış qanunvericilik paketinə parlamentdə sürətləndirilmiş qaydada baxılıb.