Parlament birinci oxunuşda noyabrın 1-dək 6 yaşı tamam olacaq uşaqların 2023-2024-cü tədris ilində birinci sinfə qeydiyyatdan keçə biləcəyi qanunu dəstəklədi
Parlament birinci oxunuşda 79 səslə Gürcüstanın “Ümumi təhsil haqqında” qanununa dəyişikliyi sürətləndirilmiş qaydada qəbul etdi. Dəyişikliyə əsasən, noyabrın 1-dək 6 yaşı tamam olacaq uşaqlar 2023-2024-cü dərs ilində birinci sinifə qeydiyyat edilə biləcəklər.
“Tədris ilinin başlandığı gündən noyabrın 1-dək 6 yaşı tamam olan şəxs valideynin və ya qanuni nümayəndəsinin qərarı ilə könüllü olaraq təhsilə başlamaq hüququna malikdir”, – deyə təhsil və elm nazirinin müavini Tamar Maxaraşvili bildirib.
Məruzə edənin sözlərinə əsasən, dəyişikliklərin qəbulu valideynlərin müraciətləri və psixoloqlarla məsləhətləşmələri nəticəsində qərara alınıb. Həmçinin beynəlxalq təcrübə də nəzərə alınıb.
Qeyd edilən dəyişiklikdən təxminən 4900 nəfər şagird faydalana biləcək və bu, həm dövlət, həm də özəl məktəblərə aid olacaq.
Tamar Maxaraşvilinin izah etdiyinə görə, Təhsil Nazirliyinin məqsədi daha bir dəyişiklik təqdim etməkdir. Bu dəyişikliyə əsasən dekabrın 31-dək 6 yaşı tamam olacaq uşaq ümumi təhsil müəssisəsində təhsilə başlaya bilər.
“Artıq birinci sinfə qeydiyyat dövrü başlayıb. Hökumətin bizə operativ yanaşmasının səbəbi də bu idi. Düşünürük ki, bu siyasi qərarı verməklə yüzlərlə və minlərlə valideynin müraciətinə cavab vermiş oluruq”, – Təhsil və Elm Komitəsinin sədri Givi Mikanadze bildirib.