Parlament baş prokurorun seçilməsi ilə bağlı konstitusiya dəyişikliklərini birinci oxunuşda qəbul edib
Gürcüstan parlamenti baş prokurorun seçilməsi ilə bağlı konstitusiya dəyişikliklərini birinci oxunuşda qəbul edib.
Dəyişikliklər üçün 113 deputatın dəstəyi tələb olunurdu. 126 deputat dəyişikliyi dəstəkləyib, əleyhinə səs verən olmayıb.
Belə ki, “Gürcü Arzusu”, “Lelo”, “Quruculuq Strategiyası”, “Gürcüstan Naminə”, “Qirçı” partiyaları və “Xalqın Gücü” nün nümayəndələri qanun layihəsini dəstəkləyiblər. Səsvermə zamanı “Vətəndaşlar” partiyasının üzvləri salonda olmayıblar.
Qanun layihəsi növbəti iki çağırış parlamentinin tam tərkibin beşdə üç səs çoxluğu ilə baş prokuroru seçməsini nəzərdə tutur. Layihəyə əsasən, parlament tam tərkibin beşdə üç səs çoxluğu ilə iki dəfə baş prokuroru seçə bilmədikdə, parlament tam tərkibin səs çoxluğu ilə baş prokuroru seçir. Bununla yanaşı, qanun layihəsinə əsasən ikinci və üçüncü səsvermə müvafiq əvvəlki səsvermədən sonra 28 gündən tez olmayaraq və eyni namizəd üzrə keçiriləcək. Həmçinin layihə növbəti iki çağırış parlamenti tərəfindən tam tərkibinin səs çoxluğu ilə seçilən baş prokurorun səlahiyyət müddətinin bir il olacağını nəzərdə tutur.
Bununla yanaşı, baş prokurorun seçilməsi qaydasının dəyişdirilməsi Avropa İttifaqının 12 tövsiyəsindən biridir.