Parlament Avropa Komissiyasının tövsiyələrindən irəli gələrək Anti-korrupsiya Bürosu ilə bağlı qanunvericilik dəyişikliklərini birinci oxunuşda təsdiqləyib
Parlament Avropa Komissiyasının tövsiyələrindən irəli gələrək Anti-korrupsiya Bürosu ilə bağlı qanunvericilik dəyişikliklərini birinci oxunuşda təsdiqləyib

 

Parlament Avropa Komissiyasının tövsiyələrindən irəli gələrək Anti-korrupsiya Bürosu ilə bağlı qanunvericilik dəyişikliklərini birinci oxunuşda təsdiqləyib. Qanun layihəsi bugünkü plenar iclasda birinci oxunuşda müzakirəyə çıxarılıb və 84 deputat onu dəstəkləyib, biri isə əleyhinə səs verib.

Müxalifət partiyalarının bir hissəsi dəyişiklikləri tənqid edərək korrupsiyaya qarşı heç bir şeyin dəyişməyəcəyini bildirib.

Dəyişikliklərə gəlincə, əsas vəzifəsi korrupsiyaya qarşı mübarizəni təşviq etmək olacaq Anti-korrupsiya Bürosu yaradılacaq.

Dəyişikliklər əsasında Anti-korrupsiya Bürosu ümumi anti-korrupsiya siyasətini müəyyən edən sənədin və Gürcüstanın milli anti-korrupsiya strategiyasının icrasına nəzarət edəcək.

Bu məqsədlə sözügedən büro həmçinin müvafiq orqan, təşkilat və vəzifəli şəxslərin fəaliyyətini əlaqələndirəcək.

Layihədə Anti-korrupsiya Bürosunun parlament və Korrupsiyaya qarşı Mübarizə üzrə İdarələrarası Şura qarşısında hesabat verəcəyi konkretləşdirilir. Belə ki, büronun rəhbəri Gürcüstan parlamentinə illik hesabat, Korrupsiyaya qarşı Mübarizə üzrə İdarələrarası Şuraya isə dövri hesabatlar təqdim edəcək.

Anti-korrupsiya Bürosunun rəhbərinin təyin edilməsinə gəlincə, dəyişikliklə, Anti-korrupsiya Bürosunun rəhbərliyinə namizədlər açıq müsabiqə əsasında, şəffaf prosedurlara əməl edilməklə, dövlət qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə yaradılmış müsabiqə komissiyası tərəfindən seçiləcək, vəzifəyə təyin olunmaq üçün Gürcüstanın baş nazirinə təqdim olunacaq, Gürcüstanın baş naziri irəli sürülmüş namizədlər arasından seçim edəcək və Anti-korrupsiya Bürosunun rəhbərini təyin edəcək.