Parlament anti-korrupsiya fəaliyyətinin institusional gücləndirilməsi məsələsinə dair hazırlanmış qanunvericilik dəyişiklikləri paketini təsdiqləyib
Parlament “Dövlət müəssisəsində maraqların uyuşmazlığı və korrupsiya haqqında” qanuna ediləcək dəyişiklikləri əlavə qanun layihələri ilə birlikdə üçüncü oxunuşda müzakirə edib və 78 səslə dəstəkləyib.
Gürcüstan parlamentinin məlumatında 27 qanun layihəsinin yer aldığı qanunvericilik paketini parlamentin sürətləndirilmiş qaydada müzakirə etdiyi deyilir.
Hüquq Məsələləri Komitəsinin sədrinin birinci müavini Davit Matikaşvili bildirir ki, qanunun mövcud adı dəyişdirilir və “Dövlət müəssisəsində maraqların uyuşmazlığı və korrupsiya haqqında” qanunun əvəzinə “Korrupsiyaya qarşı mübarizə” haqqında qanun olacaq.
O, öz fəaliyyətini müstəqil həyata keçirəcək publik hüquqi şəxs -Anti-korrupsiya Bürosunun yaradılacağını bildirib.
Anti-korrupsiya Bürosunun müstəqilliyini təmin etmək üçün dövlət onun fəaliyyəti üçün müvafiq şərait yaratmağa borclu olacaq. Anti-korrupsiya Bürosu Gürcüstan Parlamenti və Korrupsiyaya Qarşı Mübarizə üzrə İdarələrarası Şura qarşısında hesabat verəcək.
Büronun əsas vəzifəsi korrupsiyaya qarşı mübarizəni təşviq etmək olacaq. O, korrupsiyaya qarşı mübarizənin ümumi siyasətini müəyyən edən sənədin və Gürcüstanın milli anti-korrupsiya strategiyasının icrasına nəzarət edəcək. Büro həmçinin müvafiq qurumların, təşkilatların və vəzifəli şəxslərin fəaliyyətini koordinasiya edəcək.