Özbəkistan Gürcüstandan keçmək də daxil olmaqla Orta Dəhliz vasitəsilə mis daşımağa başlayıb
Özbəkistan Rusiyadan yan keçən yeni marşrutla ilk dəfə mis yüklü qatarı yola salıb. Bu barədə “Reuters” agentliyi Özbəkistan Dövlət Dəmir Yolu Şirkətinə istinadən məlumat yayır.
Şirkətdən verilən məlumata əsasən qatar Almalık metallurgiya kombinatından Bolqarıstana 46 vaqon və 91 konteyner dolu mis konsentratı daşıyacaq. Yüklər Özbəkistandan Bolqarıstana Orta Dəhliz vasitəsilə Türkmənistan, Azərbaycan, Gürcüstan, həmçinin Xəzər və Qara dənizdən keçməklə aparılacaq.
Brüssel Orta Dəhlizi Avropa ilə Asiyanı birləşdirən, Rusiyadan yan keçməklə yüklərin daşınmasının mümkün olduğu alternativ yol hesab edir. Ötən ay Avropa Yenidənqurma və İnkişaf Bankı Rusiyadan yan keçməklə Avropa və Asiya arasında yükdaşıma marşrutlarının inkişafına milyardlarla avro sərmayə qoymağa hazır olduğunu bildirmişdi.