Otar Şamuqia - subsidiya ödənişi ilə bağlı hökumətin qərarı üzümçülüklə məşğul olan hər bir fermerimiz üçün vacibdir, bu il məhsul rekord səviyyədə olacaq, təxminən 300 min ton
Otar Şamuqia - subsidiya ödənişi ilə bağlı hökumətin qərarı üzümçülüklə məşğul olan hər bir fermerimiz üçün vacibdir, bu il məhsul rekord səviyyədə olacaq, təxminən 300 min ton

 

Keçən il rekord qeydə alınmışdı, 107 milyon şüşə şərab ixrac etdik. Bu il də biz demək olar ki, bütün prioritet bazarlarda artım dinamikasını qoruyuruq-bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqia hökumətin iclası başa çatdıqdan sonra bildirib.

Nazirin qeyd etdiyi üzrə, bu il məhsul rekord həddə – təxminən 300 min ton olacaq. O , ötən il ölkədə təxminən 240 min ton üzüm emal edildiyini bildirib.

“Hökumətimizin əsas prioritetlərindən biri üzümçülük -şərabçılıq sənayesinin inkişafı və ona qayğıdır. İllərdir biz bu istiqamətdə ardıcıl siyasət həyata keçiririk ki, bu da ilk növbədə gürcü şərabının prioritet bazarlarda tanıdılması , eləcə də şərabın keyfiyyətinə qayğı ilə ifadə olunur, şərabın keyfiyyətinə qayğı şərabımızın rəqabətədavamlı olması və daha çox ixrac edə bilmək üçün vacibdir. Nəticələr göz önündədir. Ötən il 107 milyon şüşə şərab ixracı ilə rekorda imza atdıq. Bu il də biz demək olar ki, bütün prioritet bazarlarda artım dinamikasını qoruyuruq; Məsələn, Polşada demək olar ki, 40% artımımız var. İlk yeddi ayın göstəriciləri ilə ABŞ-da 16%, Yaponiyada təxminən ikiqat artmış göstəricilərimiz var. Həmçinin, Çin, Baltikyanı ölkələr və digər prioritet bazarlarda da artımımız var. Bu, əlbəttə ki, bizim illər ərzində həyata keçirdiyimiz tədbirlərin və siyasətin nəticəsidir; Hər il gürcü şərabının təbliğinə mühüm vəsait ayrılır. Biz bu kampaniyanı bir daha gücləndiririk və növbəti illərdə bu istiqamətdə daha çox vəsait sərf etməyi, daha yaxşı nəticələr əldə etməyi və ixrac rəqəmlərini artırmağı planlaşdırırıq”- deyə Otar Şamuqia bildirib.

Nazirin açıqladığı üzrə, hökumət bu ilki üzüm yığımı ilə bağlı qərar qəbul edib – üzümçüdən Rkatsiteli və Kaxuri yaşıl üzüm növünü ən azı 90 tetriyə alacaq bütün müəssisələr subsidiya olaraq 35 tetri alacaq.

“Bu qərar üzümçülüklə məşğul olan hər bir fermerimiz üçün vacibdir. Biz təxminən 25 min fermer və üzüm yığımına cəlb olunacaq 300-ə yaxın müəssisədən bəhs edirik. Bu, bu sahənin inkişafına mane olmamaq, təşviq etmək və illər boyunca əldə etdiyimiz dinamikanı qoruyub saxlamaq üçün lazımlı və alternativsiz yoldur. Daha əvvəl qeyd etdiyim kimi, prioritet bazarlarda artım var, lakin Ukraynada baş verən uğursuz hadisələr, müharibə səbəbilə bizim üçün ən vacib bazarlardan birində təxminən 50% azalma var və bu bütövlükdə şərab məhsullarının ixracına müəyyən təsir göstərir. Bundan irəli gələrək, subsidiya ilə bağlı qərar qəbul edilib. Bu il biz bu sahəyə, üzümçülərə, müəssisələrə sahənin inkişaf dinamikasını qoruyub saxlamağa kömək edirik” – deyə nazir bildirib.

Otar Şamuqia şərab keyfiyyətinin vacibliyinə də diqqət çəkib.

“Hamımızın birlikdə keyfiyyətə qayğı göstərməyimiz çox vacibdir. Bununla bağlı bir sıra tədbirlər həyata keçiririk. İxrac hissəsinə isə ixrac olunan şərabın keyfiyyətini, mövcud normalara uyğunluğunu yoxlayan beynəlxalq şirkətlər qoşulub. Həmçinin, keçən il Kaxeti və Raça-Leçxumi bölgələrində kadastr apardıq. Bu il Şərqi Gürcüstanda bu prosesi tam şəkildə başa çatdıracağıq. Fürsətdən istifadə edərək üzümçülüklə məşğul olan fermerlərimizə müraciət etmək istərdim ki, müəssisələrə keyfiyyətli üzümün təhvil verilməsi vacibdir. Şərabımızın keyfiyyətini və sonradan onun rəqabət qabiliyyətini müəyyən edən məhz keyfiyyətli üzümdür ki, bu da qiymətdə öz əksini tapır. Üzüm yığımı prosesinin koordinasiyası üçün təşkilati qərargah yaradılıb; Nazirlik, Milli Şərab Agentliyi, yerli hakimiyyət, bütün aidiyyatı qurumlar buna cəlb olunub ki, bu proses mümkün qədər koordinasiya olunsun, üzümün hər kiloqramı emal edilsin və təhvil alınmadan qalmasın” – deyə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri bildirib.