Otar Şamuqia - şərab bazarının şaxələndirilməsi üçün müvafiq layihələr həyata keçiririk, bu istiqamətdə hər il təxminən 10-12 milyon lari xərclənir
Şərab bazarının şaxələndirilməsi üçün müvafiq layihələr həyata keçiririk, bu istiqamətdə hər il təxminən 10-12 milyon lari xərclənir- bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqia hökumət iclasından sonra keçirilən brifinqdə, bazarının şaxələndirilməsi istiqamətində mövcud vəziyyətlə bağlı danışarkən bildirib.
“Şərab ixracı baxımından Rusiya bazarından 80 faiz asılılığımız var idi və bu rəqəm 57 faizə qədər azaldı ; Bu, dövlətin yürütdüyü siyasətin, sahibkarlara birlikdə gördüyü tədbirlərin nəticəsidir. Biz Milli Şərab Agentliyinin iştirakı ilə şərab bazarının şaxələndirilməsi üçün illərdir müvafiq layihələr həyata keçiririk. Bu istiqamətdə hər il təxminən 10-12 milyon lari xərclənir. Dünyanın bir çox ölkələrində müxtəlif tədbirləri – dequstasiya şəklində, sərgi şəklində maliyyələşdiririk ; Bundan əlavə, biz keçən il sahibkarlarımızın marketinq xərclərini maliyyələşdirmək məqsədi daşıyan layihə hazırladıq. Bu, sahibkarlar üçün maraqlı olduqları konkret ölkələrdə şərabın populyarlaşdırılması üçün marketinq xərclərini qarşılamaq istiqamətində əlavə təklifdir. Təbii ki, sərəncamda müəyyən edilmiş şərtlərə cavab versələr, onların xərclərini qarşılayacağıq. Müvafiq olaraq, bu sahibkarlarımızın müxtəlif bazarları mənimsəməsi üçün daha bir dəstəkdir” – deyə Otar Şamuqia bildirib.
Nazirin də qeyd etdiyi üzrə, mövcud reallığı nəzərə alaraq, nazirlikdə şərabçılıq sənayesinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib.
“Dövlətimizin, fermerlərin , sahibkarlarımızın maraqlarından irəli gələrək çıxış etməliyik. Təbii ki, şərabçılarla bir neçə görüşümüz oldu. Prosesə gəlincə, sahibkarlara şərab bazarını şaxələndirməyə kömək etmək üçün hər şeyi edirik” -deyə Otar Şamuqia bildirib.
Məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti yayır.